Nepal hökuməti hərbi xidmətə cəlbolunma və ölkələr arasında münaqişədə iştirak hallarına görə vətəndaşlara Rusiya və Ukraynaya işləmək üçün getməyi qadağan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nepal Məşğulluq Departamenti ölkə vətəndaşlarının Rusiya ordusunda xidmət edərkən həlak olması ilə bağlı mövcud məlumatları diqqətə çatdırıb və bu hallarla bağlı araşdırma elan edib. Nəşr yazır ki, on nepallı öldürülüb, daha dörd nəfər isə ukraynalı hərbçilər tərəfindən əsir götürülüb.
Xarici Məşğulluq Departamentinin direktoru Kabiraj Upreti deyib ki, “Rusiya və Ukraynada iş icazələrinin verilməsi əlavə tədbirlər görülənə qədər dayandırılıb”.
Nepal hakimiyyətinin məlumatına görə, 200-ə qədər nepallı Rusiya ordusunda xidmət edir, yüzə yaxını isə itkin düşmüş hesab olunur.
Bir çox nepallı hər il başqa ölkələrə işləməyə gedir, lakin bunun üçün hökumətdən icazə almalıdırlar. Bu, onlara fövqəladə hallar zamanı dövlət dəstəyi və ya ölüm halında ailələrinə kompensasiya almaq imkanı verir. Reuters-in məlumatına görə, milyonlarla nepallı xaricdə mülki işlərdə, ilk növbədə Cənubi Koreya, Malayziya və Yaxın Şərqdəki sənaye müəssisələrində və tikinti sahələrində fəhlə kimi çalışır.
Rəsmi məlumatlara görə, son iki ildə 800-dən çox nepallıya Rusiyada qeyri-hərbi işlərdə işləmək üçün icazə verilib. Hazırda Ukrayna ilə bağlı məlumatlar açıqlanmır. Nepalın baş naziri Puşpa Kamal Dahal deyib ki, nepallılar həm Rusiya ordusunda, həm də Ukrayna Silahlı Qüvvələrində “muzdlu əsgər kimi”dirlər.
Keçən ay Nepal hakimiyyəti Rusiyadan ölən həmvətənlərinin cəsədlərini evlərinə göndərməyi və nepallıları orduya cəlb etməməyi, vətəndaşlarından isə hərbi münaqişə vəziyyətində olan heç bir ölkənin silahlı qüvvələrinə qoşulmamağı xahiş edib.
Eyni zamanda, Nepal polisi nepallıları Rusiyaya qaçaqmalçılıq yolu ilə keçirməkdə şübhəli bilinən şəxsləri saxlayıb. “Söhbət mütəşəkkil cinayəti qaçaqmalçılıq yolu ilə aparan insanlardan gedir”, – Katmandu rayon polisi aydınlıq gətirib.
Nepal hakimiyyəti həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı Rusiya səfirliyi ilə əlaqə saxlayıb. “Nepal qanunvericiliyi Nepal vətəndaşlarının respublikanın müvafiq ikitərəfli müqavilələri olan xarici dövlətlərin ordularına qoşulma imkanını təmin edir. Rusiya onlardan biri deyil”, – diplomatik nümayəndəlik qeyd edib.
Nepal əsgərləri (qurxalar) 1815-ci ildən Britaniya və Hindistan (1947-ci ildə müstəqillik əldə etdikdən sonra) ordularında xidmət etmişlər. Nepalın başqa ölkələrlə oxşar sazişi yoxdur. Ölkə BMT-nin sülhməramlı təşkilatına verilən əsgərlərin sayına görə ikinci yerdədir, ölkə BMT-dən kənar missiyalara hərbi personal göndərməkdən imtina edir.
Nepal gəncləri arasında gənc kişiləri xarici silahlı qüvvələrə göndərmək ənənəsi var, məsələn, ABŞ Ordusunda Nepal xarici çağırışçılar arasında yeddinci yeri tutur. Bu tendensiyanın digər səbəbləri Nepalda işsizlik, aşağı maaşlar və Nepal ordusunda vakant yerlərin olmamasıdır.
Nepallı təqaüdçü hərbçilərdən biri bildirib ki, Rusiya ordusunda xidmət etmək üçün daha cazibədar təkliflər alanda Dubayda mühafizəçi işləyirmiş. O, Moskvaya turist kimi gəlib və işə qəbul məntəqəsinə üz tutub. Onun sözlərinə görə, əvvəllər rus dilini bilənə üstünlük verilirdi, indi isə ingilis dili olduqca vacibdir”.
Natiq Səlim,
KONKRET.az
