“Robert Koçaryanın Azərbaycana təhvil verilməsi bir anda baş verə biləcək bir hadisə ya da sadəcə siyasi məsələ deyil, bu, həm də beynəlxalq hüquq məsələsidir. Çünki Robert Koçaryanın ölkədə tutulmasının səbəbi də müharibə cinayətləri ilə bağlı deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Robert Koçaryanın Azərbaycana təhvil verilməsi ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, seçkilərdə səs çoxluğu ilə qalib gələn Nikol Paşinyan seçki öncəsi kampaniya zamanında bütün çıxışlarında bildirirdi ki, üçbaşlı müxalifətlə bağlı cinayət işlərinə başlayacaq.
A.Badamov qeyd edib ki, Robert Koçaryan, müxalif qüvvələr seçkidən sonra da xalqı kütləvi şəkildə etiraza çağırıb: “Şübhəsiz ki, bu qığılcımların böyüməsi Paşinyan üçün əlavə lazımsız problem yaradardı. Paşinyan isə baş verə biləcək istənilən potensial riski yuvasında boğmaqda qərarlıdır. Bu baxımdan Robert Koçaryan yaxşı anlayırdı ki, Paşinyan əlinə düşən ilk fürsətdə onu cəzalandıracaq. Buna görə də ölkədən qaçaraq özünü potensial risklərdən sığortalamağa çalışdı. Lakin göründüyü kimi, bu işdə Paşinyan tam zamanında prinsipiallıq nümayiş etdirdi və Robert Koçaryan hava limanında saxlanıldı”.
Deputat vurğulayıb ki, Koçaryanın siması Azərbaycana yaxşı bəllidir: “Onun Xocalı faciəsində törətdiyi vəhşiliklər dövlətimizin, xalqımızın yaddaşındadır və unutmayıb. Koçaryanın orada saxlanılma səbəbi başqadır. Çünki Paşinyan dəfələrlə açıqlamalarında onu korrupsioner, dövlət əmlakını mənimsəyən, talayan biri adlandırırdı. Düşünürəm ki, bəzi məsələlər zaman işidir və qarşıda duran ilk baş verə biləcək hadisə Ermənistan tərəfindən də yüksək səviyyəli bir məmurun Azərbaycana səfəridir. Hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək və baş verməsi labüd, qaçılmaz olan məsələ də daxil olmaqla, bütün məsələlər ardıcılıqla həllini tapacaq”.
