Qırx yaşlı məktəb müəllimi Entoni Börcessə sağalmaz xərçəng diaqnozu qoyulur və həkimlər ona cəmi bir il ömrü qaldığını bildirirlər. O, möhkəm iradəli, ailəsinə bağlı bir insan idi. Lakin bu ağır xəbərdən sonra onu düşündürən əsas məsələ öz taleyi deyil, ölümündən sonra arvadının və qızlarının dolanışığının necə təmin olunacağı idi.
Börcess dil və ədəbiyyat müəllimi idi. Ailəsini maddi cəhətdən təmin etmək üçün roman yazmaqdan daha yaxşı yol tapa bilmədi. Amma bu, sadəcə kitab yazmaq cəhdi deyildi. O, elə bir əsər yaratmaq istəyirdi ki, geniş oxucu kütləsinin marağına səbəb olsun, yaxşı satılsın və ailəsinə müəllif hüquqlarından gəlir gətirsin.
Oxucularını öz şagirdləri və onların valideynləri kimi təsəvvür edirdi. Romanın qəhrəmanlarını da tanıdığı, yaşadığı mühitdən seçirdi. Onun dünyası doğulub boya-başa çatdığı fəhlə məhəlləsinin sərhədləri daxilində idi.
Yazıçılıq Börcess üçün yeni sahə idi. O, bütün diqqətini bu işə yönəltdi, həvəslə və tələsik çalışdı. Vaxtının az olduğunu düşünürdü. Ədəbiyyatın yüksək sənət nümunələri yaratmaq iddiası onu maraqlandırmırdı. Əsas məqsədi ailəsinə özündən sonra maddi təminat qoymaq idi.
Beləcə, ölüm hökmü kimi qəbul etdiyi diaqnozdan sonra Entoni Börcess “Mexaniki portağal” romanını yazıb tamamladı.
Əsər böyük uğur qazandı. Sonralar Stenli Kubrikin ekranlaşdırdığı film dünya kinosunun kult nümunələrindən birinə çevrildi. Baş rolu gənc Malkolm Makdauel canlandırdı. Filmin təsiri ilə bəzi gənclər əsərdə təsvir olunan küçə dəstələrinin geyim tərzini təqlid etməyə, hətta barlarda süd sifariş etməyə başladılar. Roman onlarla dilə tərcümə olundu və müəllifinə dünya şöhrəti gətirdi.
Börcess nəhayət, ailəsinin gələcəyini təmin etdiyinə inanaraq həkimin yanına qayıtdı. Bu dəfə həkim müayinələrin nəticələrinə yenidən baxdı, xəstəlik tarixçəsini araşdırdı və heyrətə gəldi: məlum oldu ki, yazıçıda xərçəng yoxdur. Ona qoyulan diaqnoz yanlış imiş.
Beləliklə, Börcessin cəmi bir il ömrü qaldığını düşündüyü həyat davam etdi. O isə artıq yazıçılığa başlamışdı və bu peşədən ayrılmadı. Sonrakı illərdə 50-dən çox kitab yazdı, musiqi bəstəkarlığı ilə də məşğul oldu. Onun 175 musiqi əsəri yaratdığı bildirilir. Hətta simfonik orkestrlər də ondan əsərlər sifariş edirdi.
Entoni Börcess 25 fevral 1917-ci ildə anadan olub, 22 noyabr 1993-cü ildə vəfat edib.
Bu gün məşhur yazıçının vəfatının ildönümüdür.
Bəzən insanın ən böyük əsəri yaşamaq üçün yazdığı əsər olur. Börcess isə ölümə hazırlaşdığı bir vaxtda elə bir ədəbi irs yaratdı ki, həmin əsər onu dünya mədəniyyətinin yaddaşına həkk etdi.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
