Xankəndidə aldığı tapançanı qayınatasının evinin həyətində basdıran şəxsə cəza verildibackend

Xankəndidə aldığı tapançanı qayınatasının evinin həyətində basdıran şəxsə cəza verildi

Ali Məhkəmədə qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmədə təqsirləndirilən Zaur Rəsulovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, Zaur Rəsulov 2025-ci ilin sentyabr ayında dəqiq müəyyən edilməyən tarixdə Xankəndi şəhərində yerləşən “Qəbələ Xanlar” restoranında işləyərkən əvvəllər tanıdığı və həmin obyektə işləmiş S.S.-dən (adı, soyadı şərtidir) odlu silah əldə edib. Məlumata əsasən, S.S. qanunsuz əldə etdiyi silahı restoranın digər əməkdaşı və Zaur Rəsulovun tanışı olan T.T. (adı, soyadı şərtidir) vasitəsilə ona satıb.

Zaur Rəsulov 200 manata Çexiyada zavod üsulu ilə istehsal edilmiş, 9 mm çaplı, CZ P-10 modelli, atəş açmaq üçün yararlı tapança alıb.

Bundan başqa, o, həmin tapançanın komplekt hissəsi olan və 14 ədəd 9×19 mm çaplı patron yerləşdirmək üçün nəzərdə tutulan bir ədəd darağı, eləcə də 13 ədəd 9×19 mm çaplı, döyüş sursatı hesab olunan patronu qanunsuz olaraq əldə edib.

İttiham materiallarına əsasən, Zaur Rəsulov silah, daraq və patronları gödəkçəsinin cibində gəzdirib və daşıyaraq Qəbələ rayonunun Şamlı kəndində qayınatasına məxsus fərdi yaşayış evinin həyətinə aparıb. O, silah və sursatları qayınatasının xəbəri olmadan həyətyanı sahədə, tövlənin yaxınlığında gizlədərək saxlayıb.

Bundan sonra əldə edilmiş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərək qeyd edilən silah-sursat aşkar edilərək götürülüb. Həmin silah və sursatların Zaur Rəsulov tərəfindən gizlədilərək saxlanıldığı müəyyən edilib.

Qəbələ Rayon Məhkəməsi Zaur Rəsulovu Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilərək ona 2 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*