Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Azərbaycan üçün yeni dövr başlayıb. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb və bu istiqamətdə bir çox işlər həyata keçirilib. Ölkə başçısının da dediyi kimi, Qarabağı dünyanın ən gözəl bölgələrindən biri etmək dövlətin əsas hədəfinə çevrilib. Təbii ki, Azərbaycanın güclü iqtisadi potensialı işğaldan azad olunan ərazilərdə irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsi və Böyük Qayıdışın uğurla icra edilməsi üçün geniş imkanlar yaradır. Yəni iqtisadi qüdrətimiz keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıtması zamanı üzləşə biləcəkləri bütün problemlərin həlli üçün etibarlı zəmin yaradır. Eyni zamanda, bu ərazilərin malik olduğu təbii resurslardan və iqtisadi imkanlardan səmərəli istifadə, qeyri-neft sektorunun inkişafını daha da sürətləndirməyə imkan verir. Həmçinin “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı ev” strategiyalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzura qayıdacaq insanlar üçün yeni imkanlar açır və onların həyat səviyyəsini yüksəltməyə xidmət edir. Bu ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması, dəmir yolu və avtomobil magistrallarının tikilməsi, hava limanlarının yaradılması, kommunal infrastrukturun bərpası və digər görülən işlər sözügedən ərazilərin simasını kökündən dəyişməyə imkan verir. Hazırda isə ərazilərin minalardan təmizlənməsi prosesi gündən-günə sürətlənir. Bütün bunlar isə öz növbəsində Böyük Qayıdışı stimullaşdıran əsas məqamlardan birinə çevrilib.
Bir sözlə, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz Qarabağ və Şərqi Zəngəzurda yeni bir dövrün, böyük quruculuq və bərpa işləri dövrünün başlanması ilə nəticələnib. İşğaldan azad edilən ərazilər indi bütün gücü ilə Böyük Qayıdış üçün hazırlanır. Bu torpaqlarda həyat yenidən canlanır, təhlükəsiz yaşam şəraiti yaradılır və soydaşlarımızın böyük sevinclə öz ata-baba yurdlarına əbədi qayıtması üçün dövlət əlindən gələn hər şeyi edir. Elə Zəngilanın ən müasir standartlar səviyyəsində yenidən qurulan Ağalı kəndinin sakinlərinin öz ata-baba yurdlarına böyük köçünün başlanması dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Artıq 40-dan çox ailənin bütün zəruri infrastrukturla təchiz edilən “ağıllı kənd”ə yerləşdirilməsi, digər rayonlardan olan keçmiş məcburi köçkünlərin ümidlərini daha da artırıb. İndi onlar da öz dogma yurdlarına köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Xocalıdan olan millət vəkili Elman Məmmədov Ağalı sakinlərinin böyük köçünün başlanmasını sevincli, qürurlu və uğurlu hadisə kimi xarakterizə edib: “Düşmənin 30 il ərzində talan etdiyi, viran qoyduğu, xarabalığa çevirdiyi və az qala yer üzündən sildiyi bir ərazidə bu gün yaşayış başlayır. Təbii ki, bu, Azərbaycan dövlətinin həm uğurlu siyasətindən, həm iqtisadi qüdrətindən, həm xalq birliyindən, həm də iqtidarın məqsədyönlü şəkildə atdığı addımların gözəl nəticəsindən xəbər verir. Həmin torpaqlara qayıtmaq hər birimizin arzusu idi. İlkin olaraq bu sevinc Ağalı kəndinin sakinlərinə qismət oldu. Onlar elə “ağa” kimi də öz dogma yurdlarında əbədi yaşamağa layiqdirlər. Əsl ağayanalıq nümunəsi olaraq Ağalı kəndinə ilk köç başlayır. Bundan gözəl bir xəbər ola bilməz. Düşmənin rüsvayçı məğlubiyyəti və Azərbaycanın tarixi zəfər qazanması, bizim yaradıcı, sülhsevər bir millət və dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirir. Ermənilər bu torpaqların onlara məxsus olduğunu hər zaman dünyaya bəyan edib. Onların bizim qəbiristanlıqlarımıza, dini abidələrimizə ziyarətgahlarımıza nifrətlə yanaşdıqlarını xristian “təəssübkeşliyi” kimi qələmə verə bilərik. Ancaq onların evləri, meşələri məhv etməsi, çay və bulaq sularını zəhərləməsi bu torpaqların ermənilərə məxsus olmadığını sübuta yetirir. Deməli onlar işğalçı, vandal və vəhşidirlər. Əslində ermənilərin törətdiyi əməllər onların kimliyini ortaya qoyur”.
Millət vəkilinin sözlərinə görə, Ağalıya köç hələ başlancığdır və bizi hər gün sevincli xəbərlər gözləyəcək: “Böyük Qayıdış zamanla tam olaraq gerçəkləşəcək. Qısa zamanda Qubadlıya, Cəbrayıla, füzuliyə, Laçına, Kəlbəcərə və Şuşaya soydaşlarımızın köçürülməsi baş tutacaq. İnanıram ki, çox yaxın vaxtlarda Xocalıda, Xocavənddə və Xankəndidə qalan separatçıları da həmin ərazilərdən təmizləyəcəyik və adıçəkilən rayonlarımıza da insanlarımız yerləşdiriləcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış” mövzusuna uyğun olaraq dərc edilir.


ƏN MÜQƏDDƏS VƏ BÖYÜK “QAYIDIŞ” QƏRBİ AZƏRBAYCANA – AĞBABAYA, GÖYÇƏYƏ, ZƏNGƏZURA, DƏRƏLƏYƏZƏ, VEDİBASARA OLMALIDIR, İNDİKİ QAYIDIŞLA ÖZÜNÜNÜZÜ SAKİTLƏŞDİRSƏNİZ QEYD OLUNAN TORPAQLAR MİLLƏTİMİZ ÜZƏRİNDƏ BÖYÜK “BİABIR LƏKƏSİ” OLARAQ QALACAQ!