Özbəkistan bukmeykerlərin leqallaşdırılmasını təklif edirbackend

Özbəkistan bukmeykerlərin leqallaşdırılmasını təklif edir

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Özbəkistanda 2021-ci ildən etibarən bukmeyker kontorlarının fəaliyyətinə icazə verilməsi təklif olunur. Bu ölkədə artıq hesab edirlər ki, sözügedən sahənin leqallaşdırılması idmanın, xüsusən də futbolun daha da inkişafına kömək etməli, həmçinin investisiya cəlbediciliyini artırmalıdır.

Özbəkistanda bukmeykerlik fəaliyyətinə 1 yanvar 2021-ci ildən icazə verilə bilər. Bu, Bədən Tərbiyəsi və İdman Nazirliyi tərəfindən hazırlanan “Özbəkistanda futbolun inkişafını yeni səviyyəyə qaldırmaq tədbirləri haqqında” prezident sərəncamının layihəsində nəzərdə tutulub.

Bukmeykerlərin leqallaşdırılması idman sektorunun, xüsusilə futbolun daha da inkişaf etdirilməsinə, investisiya cəlbediciliyinin artırılmasına, beynəlxalq təcrübəyə əsaslanaraq əlavə vəsait cəlb edilməsinə yönəlib.

2020-ci il iyunun 1-dək müvafiq nazirlik və idarələrə Cinayət Məcəlləsinə və İnzibati Məsuliyyət Məcəlləsinə dəyişiklik və əlavələr, eləcə də futbol fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün razılaşdırılmış oyunların keçirilməsinə görə məsuliyyətin müəyyən edilməsi barədə Nazirlər Kabinetinə təkliflər vermək tapşırılıb.

1 aprel 2020-ci ilə qədər mühasibat fəaliyyəti ilə əlaqəli normativ hüquqi aktların layihələrini hökumətə təqdim etmək planlaşdırılır.

Özbəkistanın Kapital Bazarının İnkişafı Agentliyinin bu fəaliyyətin lisenziyalaşdırılması ilə məşğul olacağı gözlənilir. Bukmeykerlərin qazancının bir hissəsinin idmanın, o cümlədən futbolun inkişafına yönəldilməsi planlaşdırılır.

Layihənin müzakirəsi noyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, bukmeyker bəhs qəbulu ilə məşğul olan qumar müəssisəsidir. Bukmeyker hadisənin bu və ya digər nəticəsinin ehtimalını qiymətləndirir və mümkün olan nəticələrin hər birinə əmsal qoyur.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*