Ruhun şad olsun, böyük azərbaycanlıbackend

Ruhun şad olsun, böyük azərbaycanlı

Torpaqlarımızın işğaldan azad edilməsi may ayına da baxışımızı dəyişib. İndi könül rahatlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dünyaya gəldiyi günləri qeyd edirik.

Deyə bilərsiniz ki, Şuşa və Laçının bu ayda işğal olunmasına baxmayaraq, onsuz da bu əlamətdar günlər Azərbaycanda geniş şəkildə və təmtəraqla keçirilirdi. Amma hər birimiz bilirik ki, məhz Qarabağın işğalı həmin hadisələrə kölgə salırdı. İndi isə o ağır, məşəqqətli günlər arxada qalıb.

Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin şah əsəridir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Xankəndidə ucaltdıqdan sonra tarixi şəxsiyyətlərimizin də ruhunun rahatlıq tapdığına əminik. Bu barədə dəfələrlə deyilib və yazılıb. Cümhuriyyət qurucularının ən böyük arzusu Azərbaycanın dövlət müstəqilliyinin bərqərar edilməsi, görkəmli dövlət xadimi Heydər Əliyevin ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, məcburi köçkünlərimizin öz doğma yurdlarına dönməsi idi. Heydər Əliyev Azərbaycanı müstəqilliyinin möhkəmləndirilməsinə nail olmaqla Cümhuriyyət qurucularının, Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyev isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə nail olmaqla atasının arzusunu yerinə yetirdi.

31 il öncə baş verənləri xatırladıqca, siyasi lider baxımından xalqımızın bəxtinin necə gətirdiyinə bir daha əmin olursan və nə yaxşı ki, “Heydər Əliyev varmış” deyə şükür edirsən. Çünki 1988-ci ildən ölkəmizin başının üstünü almış qara buludların darmadağın edilməsi prosesi məhz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlməsi ilə başlandı.

Ümummilli lider » AZƏRBAYCAN » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həmin dövrdə onun hakimiyyətə gəlişini nə Rusiya, nə İran, nə Ermənistan, nə də Qərb istəyirdi. Bunu yalnız doğma Türkiyəmiz istəyirdi. Güclü siyasətçi və şəxsiyyət olması, üstəlik, dövlətimizin taleyinə biganə olmayan cəmiyyətimizin yeganə çarəni Heydər Əliyevin qayıtmasında görməsi gənc müstəqil dövlətimizin çox mürəkkəb vəziyyətdən qurtulması ilə nəticələndi.

O zaman Heydər Əliyevin hakimiyyətə gəlməsini qətiyyən arzulamayan bəzi qüvvələr görkəmli şairlər Rəfiq Zəka və Xəlil Rza Ulutürkün milli lider zirvəsinə ucalmış dahi şəxsiyyəti “Atatürk” adlandırmalarına dodaq büzürdülər. Amma, sən demə, ədiblərimiz uzaqgörənlik nümayiş etdirirmişlər. Çünki müasir Türkiyənin və Azərbaycanın qurucularının missiyaları ilə yanaşı, atalarının da adı eyni imiş. Həm Mustafa Kamal Atatürk, həm də Heydər Əliyevin atalarının adı Əlirzadır.

Yəqin ki, ölkəmizin müstəqil olması uğrunda hətta illərlə mücadilə edən, bu mübarizəni mühacirətdə belə davam etdirən Cümhuriyyət qurucularının ağlına belə gəlməzdi ki, Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması naminə misilsiz xidmətlər göstərəcək dahi şəxsiyyət Türkiyənin yaxınlığındakı qədim diyarımız Naxçıvanda dünyaya gəlib. Özü də Azərbaycanın rus bolşevikləri tərəfindən işğal olunmasından düz 3 il sonra. Amma bu yol çox da rahat olmadı. Heydər Əliyev sovet imperiyasının ən qorxunc sistemlərindən biri olan Dövlət Təhlükəsizlik Xidmətində (DTX) çalışmağı, ayaqda durmağı və xalqımıza faydalı olmağı bacardı. Qazanılmış təcrübə ona öncə Azərbaycanda hakimiyyətə gəlməkdə, sonra isə sovet imperiyasının ən yüksək vəzifələrindən birinə ucalmaqda kömək etdi.

Biz şəxsiyyətə pərəstiş kimi zərərli tendensiyanı çoxdan arxada qoymuşuq. Amma Heydər Əliyevin keçdiyi yola, qəbul etdiyi qərarlara, həyata keçirdiyi fəaliyyətə nəzər saldıqda onun nəhəngliyinə, şəxsiyyət kimi bütövlüyünə, prinsipiallığına heyran qalmaya bilmirsən.

Hələ sovet illərində Heydər Əliyev respublikamızın tam müstəqil fəaliyyət göstərməsi üçün ictimai-siyasi, iqtisadi-sosial, hərbi və humanitar sahələrdə bütün addımların atılmasına nail olmuşdu. Gəncliyin irəli getməsi, bütün sahələr üzrə milli kadrların yetişdirilməsi onun başlıca amalı olmuşdu. Təsadüfi deyil ki, onun həyata keçirdiklərini ermənipərəst qüvvələr heç cür həzm edə bilmirdilər. Heydər Əliyevə qarşı təşkil edilən bütün hücumlar və onun Kremldən uzaqlaşdırılması da bu çirkin niyyətə hesablanmışdı. Sov.İKP-nin hər baş katibinin ölümündən sonra Heydər Əliyevin Kremlin birinci şəxsi vəzifəsinə gətirilməsi barədə xarici mediada ehtimalın irəli sürülməsi erməniləri və ermənipərəstləri çox qıcıqlandırırdı. Onlar bunu açıq şəkildə büruzə verirdilər. Elə Heydər Əliyevin misilsiz xidmətləri sayəsində sovet imperiyasının, erməni fazişminin havadarlarının tam gücləri ilə üzərimizə gəlməsinin iflasa uğraması onların qıcığının əsassız olmadığını sübut etdi. Erməni faşistləri indiyədək ermənilərin Naxçıvandan və Qarabağdan könüllü şəkildə getmələrinin kökündə məhz Heydər Əliyevin fəaliyyətinin dayandığını iddia edirlər.

Çox heyf ki, Baltikyanı ölkələrdən fərqli olaraq azərbaycanlı kommunistlər uzaqgörənlik nümayiş etdirə, yaranmış fürsətlər şəraitində Heydər Əliyevin 1990-cı ildən öncə Azərbaycanda hakimiyyətə gətirilməsinə cəhd göstərmədilər. Həmin fürsət qaçırıldı və günahsız xalqımız rus-erməni faşizmi ilə üz-üzə qaldı…

Dönüb arxaya baxdıqda birmənalı olaraq anlayırıq ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, müstəqilliyimizin itirilməsindən xilas etdi, Qarabağın işğaldan birdəfəlik azad edilməsinin əsasını qoydu. Çünki Heydər Əliyev peşəkar siyasətçi və dövlət xadimi kimi dostla da, düşmənlə də danışa bilirdi. Onun ifrat ermənipərəst baronessa Karolina Koksla 1994-cü ildə Britaniyaya səfəri zamanı qarşılaşması buna nümunədir. Heydər Əliyevin özünəməxsus təbəssümlə və xarizmatik tərzlə “Sizi Bakıya dəvət edirəm, günahkarın kim olduğunu gəlin görün” deməsi qarşısında baronessa Koksun necə çaşdığını görmək başqa aləm idi…

Heydər Əliyevin arzusu, İlham Əliyevin addımları – Hürriyət

Ən əsası, Heydər Əliyev siyasi varisinin müəyyənləşdirilməsi kimi mühüm məsələdə çox doğru qərar verdi. Onun “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim takeyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin uzaqgörənliklə söylənildiyinə artıq heç kim şübhə etmir.

Odur ki, Heydər Əliyevi böyük minnətdarlıqla və ehtiramla yad edir, ona Allahdan rəhmət diləyir, “Ruhun şad olsun, böyük azərbaycanlı” deyirik.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*