Paşinyan hakimiyyətinin “iqtisadi uğurları” faktlarla İFŞA EDİLDİbackend

Paşinyan hakimiyyətinin “iqtisadi uğurları” faktlarla İFŞA EDİLDİ

“Ermənistan iqtisadiyyatı inanılmaz “qələbə kampaniyası”nı davam etdirir. İl yenidən yüksək artımla başladı. Amma inkişaf edən iqtisadiyyat deyil, yalnız göstəricilərdir”.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə erməni analitik Hakob Koçaryan yazıb.

Onun fikirlərini ixtisarla təqdim edirik:

“İqtisadiyyat əvvəlki kimi passivdir, iqtisadiyyatda inkişaf yoxdur, baxmayaraq ki, iqtisadi artımın göstəriciləri “yeni zirvələrə” çatır. Təəccüblü deyil ki, ilin əvvəlində sənaye məhsullarının həcmi 21 faiz artıb, elektrik enerjisi istehsalı isə azalıb.

Sənayedə məhsul istehsalına sərf edilməli olan elektrik enerjisi artmayıb, amma necə olursa, sənayenin hansısa sahəsi aktiv fəaliyyəti ilə qeydə alınır.

Dünyanın heç bir iqtisadiyyatında belə şey tapa bilməzsiniz. Bu, fantastikdir, çünki sənaye məhsulunun həcmi 21 faiz arta bilmir, elektrik enerjisi istehsalı isə 6,4 faiz azalır. Ötən ilin əvvəlində Ermənistanda elektrik enerjisi istehsalı 1,5 faiz azalıb. Ötənilki azalma ilə müqayisədə bu il daha çox azalma qeydə alınıb. Amma sənaye məhsulunun artım tempi dəfələrlə yüksək olub.

Bunun necə mümkün olduğunu başa düşmək çətin deyil. Əslində inkişaf edən sənaye deyil, əksinə, təkrar ixrac sxemləri təkmilləşib. Əvvəllər mallar xaricdən gətirilir, təkrar ixrac edilirdi, son aylarda idxal edilməyə başlanılııb, sənədlərlə erməniləşdirilib, sonra da yenidən ixrac edib Ermənistanda istehsal olunduğu göstərilib.

Bu həm də Ermənistan hakimiyyətinin ötən ilin sonundan tətbiq etdiyi sanksiyalardan yan keçməyin bir yoludur. İnsanların gözünü qamaşdırmaq, bizə iqtisadi yüksəlişi göstərmək, görünməmiş uğur və nailiyyətlər təəssüratı yaratmaq üçün bu cür ucuzluğa da gedirlər.

Bəzi sektorlarda istehsal həcminin birdən-birə on dəfə artmağa başladığının necə baş verdiyini heç kim demir. Bir ayda ilin bütün digər ayları ilə müqayisədə daha çox məhsul istehsal edilib. Aydındır ki, bu, iqtisadiyyatın hesabına baş verməyib. Son zamanlar təkcə xarici ticarətimizin deyil, həm də sənayenin yüksək artımının səbəbi təkrar ixracdır.

Bu cür tədbirlərlə yaxın gələcəkdə iqtisadiyyatda, xüsusən də sənayedə daha böyük və fantastik artımların olacağı istisna edilmir. Amma iqtisadiyyat əvvəlki kimi acınacaqlı vəziyyətdə qalmağa davam edəcək.

Əvvəlki iki ildə mövcud olan və bu ilin əvvəlində müşahidə etdiyimiz artımlar daha çox Rusiya faktoru ilə bağlıdır. Bir tərəfdən başqa ölkələrdən mallar gətirilərək Rusiya bazarına çıxarılır, digər tərəfdən bizim vasitəmizlə Rusiya malları başqa ölkələrin bazarlarına çıxır. Bu, Rusiyanın maraqlarından irəli gəlir, lakin bundan Ermənistan hakimiyyəti və onların himayədarları da qazanır.

Məhz bu maraq Rusiyanı hakimiyyətimizin göstərdiyi siyasi fitnələrə qarşı yumşaq davranmağa vadar edir. Əks halda, biz indi onlar üçün çox yüksək qiymət ödəmək məcburiyyətində qalardıq.

Lakin bu, müvəqqəti üstünlükdür, indiki mərhələdə hakimiyyət bundan maksimum fayda əldə etməyə çalışır. Bundan sonra nə olacağına gəlincə, Ermənistanın sanksiyalardan yayınma rolu əhəmiyyətini itirəndə, bunu təsəvvür etmək çətin olmayacaq.

Ermənistanda qeydə alınan dünənki və bugünkü iqtisadi artımlar ilk növbədə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsidir. Keçmişdə bu, insan və maliyyə kapitalının hərəkəti, xarici ticarət xidmətləri, son zamanlar isə idxal mallarının erməniləşdirilməsi və sənayenin böyüməsi ilə ifadə olunurdu.

Məlum olduğu kimi, Rusiya məhsullarına sanksiyalar tətbiq edilib. Ona görə də Rusiya qızılı, brilyant və almazları Ermənistana gətirilir, Ermənistanda emaldan keçmiş kimi təqdim edilir, Birləşmiş Əmirliklərə və Honq Konqa ixrac edilir. Sonra onlar fəxr edirlər ki, BƏƏ Ermənistanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib. Həm də o ölkədən böyük maliyyə axınları gəlməyə başlayıb, sanki iqtisadi əlaqələr inkişaf edib. Baxmayaraq ki, reallıq tamam başqadır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*