Prezident İlham Əliyevin dünya birliyi qarşısındakı ƏSAS TƏLƏBİbackend

Prezident İlham Əliyevin dünya birliyi qarşısındakı ƏSAS TƏLƏBİ

Beynəlxalq məsələlər üzrə təhlilçilər Prezident İlham Əliyevin nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tribunalarından müstəqil Azərbaycan dövlətinin ədalətli və haqlı mövqeyini dünya birliyinin diqqətinə çatdırmasını ölkəmizin xarici siyasət sahəsinin uğuru kimi dəyərləndirirlər.

Onların fikrincə, vaxtilə erməni lobbisinin səyləri ilə informasiya blokadasına alınmış Azərbaycanın hazırda yüksək səviyyədə bütün narahatedici problemlərlə bağlı dünya ictimaiyyətini ətraflı şəkildə məlumatlandırması ölkəmizin milli maraqlarına və mənafelərinə tam uyğundur və çoxdan arzuladığımız məqamdır. Çünki Azərbaycan rəhbərinin işğalçı Ermənistanın bölgədəki sülh və təhlükəsizlik məsələlərinə, dinc yanaşı yaşama prinsiplərinə təhdid olmasını xüsusilə vurğulaması faşizm mahiyyətli təcavüzkar dövlətin ifşa olunması baxımından çox əhəmiyyətlidir və dünya ictimaiyyətinə mühüm xəbərdarlıqdır.

Bu mənada, İlham Əliyevin beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə söykənən bu xoşməramlı, eyni zamanda qətiyyətli missiyanı bu dəfə BMT Baş Assambleyasının 75-ci sessiyasının videoformatda keçirilən ümumi debatlarında nümayiş etdirməsi olduqca təqdiqəlayiqdir.

Çıxışına “Sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil” fikri ilə başlayan Prezident İlham Əliyev dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə “Ermənistanın işğalına son qoyulmalıdır”  və “Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir” tələblərinin dərhal yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Prezident sülhsevər, tolerant, multikultural dəyərlərə malik müstəqil Azərbaycan dövlətinin fonunda Ermənistanın işğalçı, qəsbkar, başqa ölkələrin torpaqlarına göz dikən faşist mahiyyətli, natəmiz, vassal obrazını tam şəkildə təsvir edib. Faktiki olaraq beynəlxalq qurumları Ermənistanın işğalçı və təcavüzkar siyasətinə göz yummaqda, vəhşi, barbar hərəkətlərinə səssiz qalmaqda süçlayıb. Təsadüfi deyil ki, artıq Rusiyanın “Kommersant” qəzeti bu çıxışı “çox sərt” kimi səciyyələndirib.

Amma əslində Azərbaycan Prezidentinin çıxışında hər şey və hər kəs öz adı ilə çağırılıb. Dövlət başçısı beynəlxalq qurumların zəifliyindən və fəaliyyətsizlikdən tutmuş Ermənistanın havadarları sayəsində əl atdığı bütün yolverilməz hərəkətləri bir-bir sadalayıb.

Ermənistanın yol verdiyi cinayətlərin sadalanmasına bir daha nəzər salaq:

  • Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq, 30 ildir Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib;
  • işğal faktından diqqəti yayındırmaq üçün həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb;
  • həmin ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib;
  • azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən 106 qadın və 63 uşaq olmaqla 613 dinc sakinin qətlə yetirildiyi Xocalı soyqırımını törədib;
  • bir milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salıb;
  • Ermənistan təmas xətti və Ermənistan–Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir. 2017-ci ildə 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirilib. 2020-ci il iyulun 12-də Azərbaycanın Tovuz rayonunu Ermənistanın artilleriya atəşinə tutması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olub, mülki infrastruktura isə ciddi zərər dəyib;
  • 1949-cu ilin Cenevrə Konvensiyası da daxil, beynəlxalq hüquqa zidd olaraq Ermənistan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycanln, bütün beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur;
  • Ermənistan işğal edilmiş ərazilərimizdə Azərbaycanın tarixi və dini abidələrini dağıdıb. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir;
  • Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir;
  • Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev xəbərdarlıq edib ki, Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmasalar, hüquqi məsuliyyətlə üzləşəcəklər. Artıq işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı hüquqi addımlar atılmasına başlayıb.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini dönə-dönə xatırladan Azərbaycan rəhbəri bəzi hallarda belə qətnamələrin bir neçə gün ərzində icra edildiyini nəzərə çatdırıb və birmənalı şəkildə tələb edib: “Deməli, 30 ildir bu qətnamələrə məhəl qoymayan Ermənistan kimi işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır”.

Ermənistanın hərbi təxribatları nəticəsində baş verən Aprel və Tovuz döyuşləri zamanı işğalçı dövlətin öz məqsədlərinə nail ola bilmədiyi və hərbi məğlubiyyətə uğradığı vurğulanıb. Dövlət başçımız iyul təxribatları zamanı Ermənistanın hərbi dəstək məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsini “məğlubiyyətin etirafı” kimi dəyərləndirib.

Avqustun 23-də təmas xəttini keçməyə cəhd edən erməni diversiya dəstəsinin başçısının azərbaycanlı hərbçilər tərəfindən yaxalandığı faktını yada salan İlham Əliyev bildirib ki, həmin şəxs azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktları planlaşdırdıqlarını boynuna alıb.

Ermənistan hökumətinin humanizm dəyərlərindən uzaq olduğu,  Azərbaycan tərəfinin əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini rədd etdiyi qeyd olunub: “Azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı ərazilərdə valideynlərinin məzarlarını ziyarət edərkən əsir götürülmüş və işgəncəyə məruz qalmışlar. Onlar 6 ildən çoxdur ki, əsirlikdədirlər”, – deyə İlham Əliyev vurğulayıb.

Azərbaycanın dövlət başçısı əlavə edib ki, Ermənistanın Dağlıq Qarabağdakı qondama rejimə demokratik don geyindirmək istəyi də iflasa uğrayıb: “…cari ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma “seçkilər” növbəti təxribat idi. Həmin dırnaqarası “seçkilər” əvvəlkilər kimi, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti və digərləri tərəfindən kəskin şəkildə qınanıldı və rədd edildi”.

Prezident işğalçı dövlətin sülh prosesini pozmağa cəhd etdiyini və hansı məqsədi güddüyünü də diqqətə çatdırıb: “Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir”.

İlham Əliyev bir daha müstəqil Azərbaycan dövlətinin işğal amili ilə barışmayacağını bildirib və sülh naminə yeganə şərtimizi bəyan edib: “Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

O, işğalçı Ermənistanın ölkəmizə qarşı yeni müharibəyə hazırlaşdığı barədə dünya birliyinə xəbərdarlıq edib. Bu xəbərdarlığın əsassıs olmadığını faktlarla sübut edib:

  • Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib;
  • Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırır;
  • Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

Prezident təcavüzkar Ermənistanı silahla təchiz edən havadara da tutarlı ismarıc ünvanlayıb: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün – iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik”.

O, bu cür həvəsə düşə biləcək digər ölkələrə də xəbərdarlıq edib: “Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada, biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.

Prezident həmçinin bildirib ki, Azərbaycan dövləti və xalqı BMT-ni və beynəlxalq ictimaiyyəti bu məsələyə müdaxilə etməyə, Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edir. “Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

O, Ermənistanın terrorçularla işbirliyinə də diqqəti cəlb edib:

  • Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onlardan Azərbaycana qarşı istifadə edir;
  • Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var.

Erməni terrorçularının 24 türk diplomatını qətlə yetirdiyini yada salan İlham Əliyev Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvünün Ermənistana ekstradisiya olunduğunu, Ermənistan prezidenti tərəfindən əfv edildiyini və terrorçunun orada qəhrəman kimi qəbul edildiyini bildirib.

İlham Əliyev qeyd edib ki, nasizmin şöhrətləndirilməsi və Azərbaycana nifrət aşılamaq Ermənistanın dövlət siyasətidir. Ermənistanın bu yaxınlarda qəbul etdiyi təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası, nasist general Qaregin Njdeyə heykəl ucaltması buna sübutdur. Çünki milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “azərbaycanofob” fikirlər əks olunub, mənfur nasist general Qaregin Njde isə “milli qəhrəmana” çevrilib. “II Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir”, – deyə dövlət başçısı qeyd edib.

Prezidentin çıxışından məlim olub ki, xalqımıza nifrət aşılayan Ermənistanın siyasi rəhbərliyi o qədər gerizəkalıdır ki, hətta koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş tədbirin keçirilməsi təşəbbüsünə qarşı çıxış edib, çünki həmin təklifi Azərbaycan irəli sürüb: “Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Halbuki Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlıdır. Ermənistan bu təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış etmişdir. Belə bir təşəbbüsə etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət tərəfindən təşviq edilən azərbaycanofobiyanın növbəti təzahürüdür. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin heç bir nəticə vermədiyindən təəssüfləndiyini bildirən ölkə başçısı danışıqların imitasiya naminə aparılmasının əleyhinə olduğunu deyib: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var”.

Otuz ilə yaxın danışıqlar prosesində iştirakımızı sülhə sadiqliyin bariz nümunəsi adlandıran prezident ATƏT-in Minsk qrupunun bütün 11 üzvünün prosesdə fəal iştirak etməsinin vacibliyini vurğulayıb.

Prezidentin fikrincə,

 

  • BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir;
  • BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir;
  • BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir;
  • BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir.

Prezident bir daha nəzərə çatdırıb ki, Ermənistan–Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Dağlıq Qarabağ Azərbaycan torpağıdır. “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”, – deyə bəyan edib.

Dərin demoqrafik, sosial və iqtisadi böhranın hökm sürdüyü Ermənistanda rejim dəyişikliyinin müsbət nəticə vermədiyi, faktiki olaraq diktatura qurulduğu, faşist ideologiyasının dəyişməz qaldığı, insan hüquqlarının geniş şəkildə pozulduğu, hakimlərin təzyiq və şantaja məruz qaldığı, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən həbs edildiyi, iki sabiq prezidentinə qarşı cinayət işləri açıldığı, toxunulmaz sayılan parlament deputatlarının saxlanıldığı vurğulanıb.

Erməni jurnalist və siyasətçi Mher Yeqizaryanın 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində öldüyü, lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digər beynəlxalq təşkilatların bu hadisəyə, eləcə də Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumduğu  bildirilib. “Buna səbəb – dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər” – deyə prezident söyləyib.

Dövlət başçımız əminliklə bildirib ki, vaxtilə hərbi cinayətkar səhra komandirləri tərəfindən idarə olunan, hazırkı siyasi rəhbərliyin isə əvvəlki rejimlərin təcrübəsini davam etdirdiyi Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılana qədər inkişaf perspektivlərindən məhrum qalacaq. Amma işğalın səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycan sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olub, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. “Bir neçə ay əvvəl biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək”, – deyə prezident vurğulayıb.

Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etdiyini bildirən prezident bir neçə təkliflə çıxış edib. Bu təkliflərə pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılmasının, BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməsinin, Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin yaradılmasının, qaçqın və məcburi köçkünlərin təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılmasının vacibliyi və sair daxildir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*