Ermənistan parlamenti Roma əsasnaməsinin ratifkasiyasına hazırlaşır – Rusiyanı qıcıqlandıran məqam
Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsinə səbəb olan əsas amillərdən biri də Ermənistanın Roma əsasnaməsinə qoşulmasıdır. Ermənistanın qəbul etdiyi həmin əsasnamə hələ parlament tərəfindən ratifkasiya edilməyib. Əgər qanun ratifkasiya edilərsə Roma əsasnaməsi 60 gün ərzində qüvvəyə minəcək.
KONKRET.az xəbər verir ki, bunu beynəlxalq hüquq məsələləri üzrə nümayəndə Yeqişe Kirakosyan deyib:“Roma Statutunun qüvvəyə minməsi prosedurunu nəzərdə tutan müddəalar mövcuddur. Qanun daxili prosedurların başa çatması barədə bildirişin məhkəməyə göndərilməsindən sonra qüvvəyə minməsi üçün 60 günlük müddəti nəzərdə tutur. Bu, beynəlxalq müqavilələrdə qəbul edilmiş təcrübədir”, -deyə Kirakosyan bildirib.
Ermənistan parlamentinin dövlət-hüquq məsələləri daimi komissiyası Roma Statutunun ratifikasiyası məsələsini müzakirə edib. Bundan əvvəl Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci il iyulun 17-də imzalanmış Roma Statutunda nəzərdə tutulan öhdəlikləri konstitusiyaya uyğun olaraq tanıyıb.
Ermənistan hakimiyyətinin bu addımı rəsmi Moskvanı əməlli-başlı qıcıqlandırıb. Məsələ burasındadır ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar çıxarıb. Qanuna görə Putin Roma əsasnaməsinə qoşulan hər hansı bir dövlətin ərazisində həbs edilə bilər. Deməli, Rusiya prezidenti Zvartnos hava limanına enən zaman qoluna qandal vurulacaq.
Vəli Həsənov,
KONKRET.az
