Azərbaycanın müxtəlif bölgələrində yolların yararsız vəziyyəti sürücülərin ən çox şikayət etdiyi problemlərdən biri olaraq qalır. Asfalt örtüyündə yaranan dərin çuxurlar, çökmələr və digər qüsurlar təkcə hərəkəti çətinləşdirmir, həm də avtomobillərə ciddi maddi ziyan vurur.
Belə hallarda bir çox sürücünü düşündürən əsas sual isə budur: yolun nasazlığı səbəbindən avtomobilə dəyən zərərə görə məsul qurumdan kompensasiya almaq mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, qanunvericilik belə hallarda vətəndaşın hüquqlarını qoruyur və dəymiş zərərin məhkəmə qaydasında tələb olunmasına imkan verir.

Fuad Məmmədov
“Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vətəndaşlara dəyən zərərə görə mülki məsuliyyət həmin dövlət qurumunun üzərinə düşür.
“Avtomobil yolları haqqında” Qanuna əsasən, yol hansı dövlət qurumunun, hüquqi şəxsin və ya bələdiyyənin balansındadırsa, onun texniki vəziyyətinə görə də məhz həmin qurum cavabdehlik daşıyır.
Əgər yolun baxımsız və ya yararsız vəziyyətdə olması nəticəsində avtomobilə maddi zərər dəyibsə və ya yol-nəqliyyat hadisəsi baş veribsə, vətəndaş əsaslandırılmış iddia ərizəsi ilə məsul quruma qarşı məhkəməyə müraciət edərək vurulmuş ziyanın ödənilməsinənə nail ola bilər”.
Vəkil vurğulayıb ki, avtomobil sahiblərindən yol vergisi toplandığı üçün dövlət yolların təhlükəsiz və istismara yararlı vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır.
Onun sözlərinə görə, bu səbəbdən yolun nasazlığı nəticəsində yaranan maddi zərərin ödənilməsi ilə bağlı hüquqi mexanizmlər mövcuddur və vətəndaşlar öz hüquqlarını məhkəmə yolu ilə müdafiə edə bilərlər.
Aynurə İsmayıl
KONKRET.az
