“AYNA-nın yeni tətbiq etdiyi sistemlə bağlı ciddi narazılığım var. Dünən, təxminən saat 21:00 radələrində, mobil tətbiqi telefonumdan sildiyim üçün SMS parkinq xidmətindən istifadə etmək istədim. Dəfələrlə SMS göndərməyimə baxmayaraq, xidmət aktivləşmədi.”

Arifə Əliyeva
KONKRET.az xəbər verir ki, bu sözləri şikayətində Arifə Əliyeva bildirib. Onun sözlərinə görə, SMS xidməti işləmədiyi üçün məcbur qalıb yaxınlarının telefonundan da cəhd ediblər, lakin heç bir nəticə verməyib: “Sonda məcburən tətbiqi yenidən yükləyib ödənişi onun vasitəsilə etdik. Lakin, məsələ bununla bitmədi. Dünən işləməyən SMS xidməti sonradan balanslardan pul silib. İki nömrə üzrə ümumilikdə 8 manat tutulub. Məndə belə bir sual yaranır: niyə məhz axşam saatlarında problem yaranır? Həftəsonu insanlar məsələni araşdıra bilməyəcək deyəmi? Səhər açılanda isə artıq vəsaitlər hesabdan çıxılmış olur”.
Jurnalist qeyd edib ki, sistemdə yaranan nasazlığın yükünü vətəndaşlar çəkməməli və pul itkisi ilə üzləşməməlidirlər: “Əgər bu texniki nasazlıqdırsa, niyə vətəndaşın pulu avtomatik geri qaytarılmır? Əgər sistemdə problem olubsa, onun yükünü niyə istifadəçilər daşımalıdır? Güman edirəm ki, mənim kimi bu vəziyyətlə üzləşən çox sayda insan var. İzah verilməyən və geri qaytarılmayan bu vəsaitlər üçün isə yalnız bir söz qalır: haram xoşunuz olsun!”.
Natiq Səlim,
KONKRET.az
