Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan edilməsi tələbi ilə başladılan kampaniya qısa müddətdə böyük dəstək qazanıb.
KONKRET.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Nəşrin yazdığına görə, AfD-nin fəaliyyətinin qadağan olunmasının nəzərdən keçirilməsi tələbi ilə başladılan petisiyanı iyunun 27-si günortayadək təxminən 1 milyon 340 min nəfər imzalayıb.
Petisiya iyunun 26-da istifadəyə verilib. Təşəbbüsün təşkilatçıları arasında Volksverpetzer xəbər bloqu və “Sağçılara qarşı nənələr” (Omas gegen Rechts) hərəkatı yer alır. Onlar Bundestaq və Bundesratı AfD-nin fəaliyyətinin Almaniya Konstitusiyasına uyğunluğunun yoxlanılması üçün Federal Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırırlar.
Bundan əvvəl Almaniyanın Vətəndaş Azadlıqları Cəmiyyəti (GFF) partiyanın fəaliyyəti ilə bağlı hüquqi rəy dərc edib. Rəydə bildirilir ki, AfD ölkənin azad demokratik konstitusiya quruluşunun əsaslarına zidd fəaliyyət göstərir.
Petisiyanın yerləşdirildiyi innn.it platformasının nümayəndəsi Qreqor Hakmak təşəbbüsü Almaniya tarixində vətəndaş cəmiyyətinin ən böyük səfərbərlik kampaniyalarından biri adlandırıb.
Bununla yanaşı, məqalədə qeyd olunur ki, bütün bu kampaniyaya baxmayaraq, müxalifətdə olan AfD-nin reytinqi artmaqda davam edir və bəzi sorğularda 29 faizə çatır. Hakim Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) blokunun dəstəyi isə iyun ayının ortalarında 20-22 faiz səviyyəsində qiymətləndirilir.\\musavat.com
