İsfahanda “Cinlər karvanı”: Cinlər də nəhayət turizmə qoşuldubackend

İsfahanda “Cinlər karvanı”: Cinlər də nəhayət turizmə qoşuldu

İranın İsfahan şəhərində keçirilən və xalq arasında “cinlər karvanı” kimi tanınan mərasimə baxanda adamın ağlına ilk gələn sual budur: görəsən, cinlər nə vaxtdan bu qədər təşkilatlanıblar?

İllərlə bizə deyirdilər ki, cinlər görünməz varlıqlardır. İndi isə məlum olur ki, onlar təkcə görünmürlər, üstəlik karvan qurub şəhər gəzintisinə də çıxırlar. Belə getsə, yaxın vaxtlarda “Cinlər Həmkarlar İttifaqı”, “Cinlər Gənclər Birliyi” və ya “Cinlər üçün Mənzil Problemləri üzrə Dövlət Komitəsi”nin yaradıldığını eşitsək, təəccüblənməyəcəyik.

Əslində isə bu cür mərasimlər İranın müxtəlif bölgələrində keçirilən simvolik dini-tarixi tamaşaların bir hissəsidir. Məhərrəm və Kərbəla hadisələri ilə bağlı müxtəlif səhnələr canlandırılır, simvolik karvanlar təşkil edilir. İsfahan əyalətində də buna bənzər dini-tarixi karvan mərasimləri uzun illərdir keçirilir.

Amma etiraf edək ki, “cinlər karvanı” ifadəsinin özü çox güclü marketinq tapıntısıdır. İnsan videoya baxmağa başlayır ki, bəlkə nəhayət cinlərin də sosial həyatı barədə yeni məlumat əldə edəcək. Bəlkə məlum olacaq ki, onların da inflyasiyadan şikayəti var, bəlkə onlar da kommunal xərclərdən beziblər.

Təsəvvür edin, karvandakı cinlərdən biri müsahibə verir:

— Niyə bu gün yürüşə çıxmısınız?

— Vallah, kirayələr bahalaşıb. Köhnə xarabalıqlarda yaşamaq da əvvəlki kimi sərf etmir.

Digəri isə əlavə edir:

— Üstəlik, insanlar hər uğursuzluqlarını bizim boynumuza atırlar. Elektrik kəsildi — cinlər etdi. Açar itdi — cinlər apardı. Çay soyudu — yenə cinlər günahkardır.

Bu mərasimlərə baxanda bir həqiqət də ortaya çıxır: insanlar tarix və mifologiyanı nə qədər rəngarəng formada təqdim etsələr, tamaşaçı da bir o qədər maraq göstərir. Çünki bəzən reallığın özü o qədər darıxdırıcı olur ki, insan bir neçə saatlıq da olsa cinlərin, əfsanələrin və sirli karvanların dünyasına səyahət etmək istəyir.

Nəticədə isə məlum olur ki, cinlərdən qorxmağa dəyməz. Onlar da bizim kimi tədbir keçirir, yürüş edir, kollektiv şəkildə küçəyə çıxırlar. Fərq yalnız ondadır ki, biz bunu sosial şəbəkədə paylaşırıq, onlar isə əsrlərdir əfsanələrdə yaşayırlar. Hərçənd videolara baxdıqca adamın içindən bir fikir keçir: bəlkə cinlər həqiqətən mövcuddur, sadəcə PR şöbələrini gec qurublar?

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*