Putinin fikirləri Ermənistana şamil edilə bilər, Azərbaycana yox – DEPUTATbackend

Putinin fikirləri Ermənistana şamil edilə bilər, Azərbaycana yox - DEPUTAT

“Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər şəxsi düşüncəsidir. Putin Rusiya Federasiyasının prezidentidir. Azərbaycan müstəqil dövlətdir, hansısa dövlətdən asılı deyil. Azərbaycan öz sərhədlərini özü müəyyən etmək haqqına, hüququna, səlahiyyətinə və imkanına malikdir. Putin sərhədlərin müəyyənləşməsindəki mümkün iştirakını Ermənistana münasibətində deyə bilər, çünki Ermənistan elə Rusiyanın quberniyası kimidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib. Deputat Putinin sərhədlərin müəyyənləşməsində Rusiyanın mümkün roluna münasibət bildirərkən, Azərbaycanın sərhədlərini özünün müəyyənləşdirə biləcəyini qeyd edib:

“Hazırda Rusiyanın ordusunun böyük hissəsi Ermənistan ərazisində dislokasiya olunub. Ermənistanın sərhədləri və hava məkanı Rusiya tərəfindən qorunur. Həmçinin, Ermənistan hələ də Rusiyaya israr edir ki, Azərbaycanla sərhədlərini onlar qorusun, çünki özü buna qadir deyil. Yəni Putinin fikirləri Ermənistan tərəfinə şamil edilə bilər, Azərbaycana yox. Azərbaycanın əlində kifayət qədər əsaslı sənədlər və xəritələr var. Azərbaycan sərhədləri hardan keçir, necə müəyyənləşməlidir bilir və bununla bağlı geniş məlumata sahibdir. Azərbaycanın Ermənistanla olan sərhədlərini başqa ölkənin həll etməsinə və qorumasına ehtiyacı yoxdur”.

Deputat, həmçinin, Putinin ATƏT-in Minsk qrupunun proseslərdə iştirakına da toxunaraq, buna ehtiyac olmadığını bildirib:

“Putin Minsk qrupunun prosesə qayıtmasını uyğun görür, məsləhət bilir. Bizim dövlət başçımız isə dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi deyilən problem yoxdur və tarixdə qaldı. Azərbaycan dövlətinin ərazisində Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. Azərbaycanın ərazisində çoxsayda azsaylı xalqlar yaşayır. Onlardan biri də hazırda Qarabağ ərazisində yaşayan 20-25 min erməni əhalisi ola bilər, amma Azərbaycanın qanunlarını qəbul etdikdən sonra. Belə bir vəziyyətdə Minsk qrupu kimə, nəyə vasitəçilik edəcək? Minsk qrupu mövcud olduğu müddət ərzində biri Putinin başçısı olduğu Rusiya da daxil olmaqla, 3 ölkə yalnız Azərbaycanın əleyhinə çalışdı. Bu ölkələr Ermənistanla birləşib münaqişəninn həllini uzatmağa, Azərbaycanı əleyhinə olduğu şərtləri qəbul etdirməyə çalışdılar. Onlar Azərbaycanın işğalla barışmasına şərait yaratmaq istədilər. İstədilər ki, Azərbaycan ya Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasına razı olsun, ya da müstəqilliyini tanısın”.

Deputat vurğulayıb ki, Minsk qrupunun bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəldi və problemləri həll etdi:

“İndi də bizim üç həmsədr ölkədən ibarət qrupun vasitəçiliyinə ehtiyacımız yoxdur. Bu təşkilata ən yaxşı cavabı dövlət başçısı müharibədən sonra verdi. Onlar müharibədən sonra Azərbaycana gələndə Prezident dedi ki, “Sizi mən çağırmamışam, siz özünüz gəlmisiz”. Bu, onlara, fəaliyyətlərinə ən yaxşı cavab idi. Bu, o demək idi ki, bu qədər fitnəkarlıqdan sonra niyə gəlmisiniz? Putin nə deyir, özü bilər, amma Azərbaycanın dövlət başçısı birdəfəlik bəyan etdi ki, bizim Minsk qrupunun vasitəçiliyinə ehtiyacımız yoxdur”.

  • GARACANTA
    Oktyabr 22, 2021 - 20:10

    Dünya Tarixində Türklərin Ən Böyük Düşməni Rusiya olmuşdur və isbata ehtiyacı yoxdur…Putin nəhlətlik 1-ci Pyotrun vəsiyyətini yerinə yetirməkdə israrlıdır…O, Azərbaycan Millətinin gğzündə müsbət görünərək xəncəri kürəyimizə soxmağa hazırlaşır….Ehtiyatlı Olaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*