Rus qoşunları Severodonetsk uğrunda gedən döyüşlərdə öz hücum potensialını boşa çıxara bilər. Nəticədə Donetsk bölgəsini tutmaq üçün gücü çatmayacaq.
KONKRET.az bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatlarına istinadən xəbər verir.
Hazırda rus qoşunları Severodonetsk və Lisiçanskı ələ keçirməyi qarşısına məqsəd qoyub. Rusiya komandanlığı istəyir ki, bütün Luqansk vilayətinin “azad edilməsi” barədə öz vətəndaşlarına hesabat versin.
Lakin rus qoşunlarının Severodonetsk ətrafında növbəti itkilərdən sonra Donetsk vilayətində böyük bir ərazini ələ keçirmək üçün lazımı gücü çətin ki, olsun.
“Rusiya qüvvələri Donbasda relyef baxımından istədiyinə nail ola bilmir. Belə çıxır ki, Severodonetsk-Lisiçanskın mühasirəsini tamamlamaq və Limanın daha qərbinə doğru irəliləmək üçün Severski Donets çayını keçmək lazım gələcək. Elə bu zaman onlar problemlərlə üzləşəcək”, – analitiklər belə deyib.
Rusiya hərbi rəhbərliyinin kifayət qədər qüvvə toplamaq və səfərbər edilmiş şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini qorumaqla bağlı çətinlikləri var. Məcburi səfərbərlik çətin ki, əhəmiyyətli döyüş gücü yaratsın, bölmələrdəki aşağı əhval-ruhiyyə və zəif nizam-intizamı gücləndirsin.
İyunun 2-də qondarma “DXR”in 113-cü alayı Rusiya prezidenti Vladimir Putinə videomüraciət dərc edib. Orada zorla səfərbər olunanlar bütün müharibəni Xersonda cəbhə xəttində yeməksiz və dərmansız keçirdiklərindən şikayətləniblər.
ISW analitiklərinin əsas nəticələri:
Rusiya qoşunları başqa istiqamətlərə irəliləmək bahasına Severodonetskin ələ keçirilməsinə üstünlük verəcək.
Luqansk bölgəsinə tam nəzarəti ələ keçirmək üçün Severodonetsk və Lisiçanska hücumlarını davam etdirəcək.
Ruslar Avdiyevka ətrafında tədricən irəliləyiblər. Ukraynanın Xerson vilayətinin şimal-qərbindəki əks-hücumları rus qoşunlarını İnqulets çayının şərq sahilinə geri çəkib və çox güman ki, T2207 şosesi boyunca Rusiyanın qarşısı kəsiləcək.
Roman Göytürk,
KONKRET.az
