Şagirdi tənbehə görə müəllimə cərimə: Təhsil sistemi problem girdabında boğulur, nazirlik isə…backend

Şagirdi tənbehə görə müəllimə cərimə: Təhsil sistemi problem girdabında boğulur, nazirlik isə...

Azərbaycanda qanunvericilik praktikasında son illər diqqət çəkən əsas tendensiyalardan biri demək olar ki, bütün sosial problemlərə cərimə prizmasından yanaşmanın güclənməsidir. İstər yol hərəkəti qaydalarının pozulması, istərsə də ictimai davranış normaları ilə bağlı məsələlərdə əsas həll yolu kimi maliyyə sanksiyalarının önə çəkilməsi artıq sistemli xarakter almağa başlayıb. İndi isə bu yanaşma təhsil kimi həssas və strateji sahəyə də sirayət edir. Müəllim-şagird münasibətləri kimi incə, psixoloji və pedaqoji balans tələb edən bir sahədə problemin yenə də cərimə ilə “həllinə” cəhd edilməsi ciddi suallar doğurur.

Milli Məclisdə müzakirəyə çıxarılan və müəllimlərin tərbiyə məqsədilə fiziki təsir göstərməsinə görə 200 manatadək cərimələnməsini nəzərdə tutan yeni maddə ilk baxışdan humanist və qoruyucu addım kimi təqdim olunsa da, məsələnin mahiyyətinə dərindən baxdıqda bunun daha çox formal və səthi yanaşma olduğu görünür. Çünki fiziki zorakılıq onsuz da qanunvericilikdə qadağan olunub və cəzalandırılır. Belə olan halda, yeni maddənin əlavə edilməsi real hüquqi boşluğu doldurmaqdan çox, mövcud problemi cərimə mexanizmi ilə “ört-basdır etmək” təsiri bağışlayır.

Digər tərəfdən, müəllim peşəsinin ictimai nüfuzu və təhsil mühitinin psixoloji iqlimi kimi vacib amillər də nəzərə alınmalıdır. Müəllimi cərimə obyekti kimi təqdim etmək, onu potensial qayda pozucusu statusuna yaxınlaşdırmaq təhsil sistemində etimad mühitini sarsıda bilər. Bu isə uzunmüddətli perspektivdə həm müəllim motivasiyasına, həm də şagirdlərin müəllimə münasibətinə mənfi təsir göstərəcək. Halbuki, belə həssas məsələlərdə daha incə, preventiv və maarifləndirici mexanizmlərin tətbiqi daha effektiv hesab olunur. Bütün bunların fonunda əsas sual açıq qalır: təhsildə zorakılıq kimi ciddi və kompleks bir problemi yalnız cərimə tətbiq etməklə həll etmək nə dərəcədə doğru və effektiv yanaşmadır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nail Cəlil hesab edir ki, təklif edilən dəyişiklik ilk baxışdan məntiqli görünsə də, mahiyyət etibarilə problemlidir.

Uşaqların həm valideynlər, həm də dövlətin himayəsinə ehtiyacı var" -  Sosioloq

“Fiziki zorakılıq istənilən halda yolverilməzdir və bu, artıq mövcud qanunvericilikdə də öz əksini tapıb. Yəni yeni maddə əslində hüquqi boşluğu doldurmur, sadəcə cərimə mexanizmini ön plana çıxarır. Hər bir fiziki təsiri avtomatik olaraq zorakılıq kimi qiymətləndirmək düzgün yanaşma deyil və bu, gələcəkdə müəllim-şagird münasibətlərində əlavə gərginlik yarada bilər. Əsas diqqət cərimələrə deyil, pedaqoji prosesin hüquqi və etik çərçivələrinin daha dəqiq müəyyənləşdirilməsinə yönəlməlidir.

Cərimələrin artırılması problemin həlli deyil. Əksinə, bu, qanunvericiliyin sanksiyaya həddindən artıq fokuslandığını göstərir. Müəllim xüsusi kateqoriya kimi cərimələnməməlidir. Əgər müəllim fiziki zorakılığa yol verirsə, bu, artıq onun peşəkar statusunu sual altına qoyur”.

Sosioloq əlavə edib ki, belə halların qarşısını almaq üçün inzibati cəzalar deyil, daha sistemli yanaşmalar, məsələn, müəllim hazırlığı, etik davranış kodekslərinin gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Onun fikrincə, cərimə tətbiqi müəllimin nüfuzuna birbaşa zərbə vurur və bu da təhsil mühitinə mənfi təsir göstərə bilər. Beləliklə, qanun layihəsinin məqsədi məktəblərdə zorakılığın qarşısını almaqdır, amma bunun üçün seçilən maliyyə cəriməsinin nə dərəcədə effektiv olacağı sual altındadır”.

Ekspert hesab edir ki, daha kompleks islahatlara ehtiyac olduğu halda, məsələnin yalnız cərimə ilə tənzimlənməsi təhsil sistemindəki problemləri daha da dərinləşdirəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*