Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?backend

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmasa da, müəyyən iqtisadi nəticələr doğura bilər.

Bəs NYMEX-də təbii qazın bahalaşması Azərbaycanın qaz sektoruna təsir edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanın qaz ixracı əsasən uzunmüddətli müqavilələr əsasında Avropa bazarına yönəldilir və bu müqavilələrdə qiymətlər əksər hallarda neftə və ya müxtəlif enerji indekslərinə bağlı olur.

İqtisadçı Akif Nəsirli: "Dollar sistemi həm ABŞ-ın gücünə, həm də dünya  miqyasında yaranmış etimada və vərdişə əsaslanır"

Onun sözlərinə görə, buna görə də NYMEX-də təbii qazın bahalaşması Azərbaycan qazının satış qiymətlərində dərhal dəyişiklik yaratmır:

“ABŞ bazarında qiymət artımı qlobal qaz bazarındakı ümumi tendensiyalara təsir edə bilər. Dünyada qazın qiyməti yüksəldikcə tələb və təklif balansı dəyişir, enerji təhlükəsizliyi məsələləri ön plana çıxır və alternativ mənbələrə maraq artır. Belə şəraitdə Azərbaycan qazına tələbatın yüksəlməsi mümkündür”.

Ekspert qeyd edib ki, qlobal qaz qiymətlərinin yüksək olması Azərbaycanın gələcəkdə bağlayacağı ixrac müqavilələrində daha əlverişli şərtlər əldə etməsinə şərait yarada bilər.

Bununla yanaşı, Akif Nəsirli bazarda kəskin qiymət dəyişikliklərinin müəyyən risklər də yaratdığını vurğulayıb:

“Qiymətlərin sürətlə dəyişməsi enerji layihələri üzrə investisiya qərarlarının qəbulunu çətinləşdirə bilər. Bu isə həm yeni layihələrin icrasına, həm də uzunmüddətli planlaşdırmaya təsir göstərən amillərdəndir”.

Beləliklə, NYMEX-də təbii qazın bahalaşması Azərbaycanın qaz sektoruna dərhal təsir etməsə də, qlobal enerji bazarındakı ümumi qiymət dinamikası ölkənin ixrac imkanları, gələcək müqavilələri və investisiya perspektivləri baxımından əhəmiyyət daşıyır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*