Paytaxtda ictimai nəqliyyatda kondisionerlərin işləməməsi ilə bağlı şikayətlər yenidən gündəmə gəlib. Xüsusilə sərnişin sıxlığının yüksək olduğu marşrutlarda havalandırma sistemlərinin fəaliyyət göstərməməsi vətəndaşların narazılığına səbəb olur.
KONKRET.az-ın redaksiyasına müraciət edən Biləcəri qəsəbəsinin sakinləri 91 nömrəli Biləcəri–Avtovağzal marşrut xəttində sərnişinlər üçün yaradılan narahatlıqdan şikayət ediblər.
Sakinlərin sözlərinə görə, havaların istiləşməsinə baxmayaraq, marşrut xəttində istismar olunan yeni avtobusların əksəriyyətində kondisionerlər işləmir. Onlar bildirirlər ki, son vaxtlar ictimai nəqliyyatda gedişhaqqı artırılsa da, sərnişinlərə göstərilən xidmətin keyfiyyətində hər hansı müsbət dəyişiklik müşahidə olunmur.
Şikayətçilərin iddiasına əsasən, bəzi sürücülər kondisionerlərin yanacağa qənaət məqsədilə işə salınmadığını və bunun şirkət rəhbərliyinin göstərişi olduğunu bildirirlər. Sərnişinlər qeyd edirlər ki, xəttə yeni, kondisioner sistemi ilə təchiz olunmuş avtobuslar buraxılıb. Həmin nəqliyyat vasitələrinin pəncərələri açılmadığından onlar isti hava şəraitində ciddi çətinliklərlə üzləşirlər.
Məsələ ilə bağlı 91 saylı marşrut xəttinin daşıyıcısı olan “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, problem bütün avtobuslarda deyil:
“Hazırda təmir işləri ilə əlaqədar cəmi 4 avtobusda kondisioner problemi mövcuddur. Nasazlıqların aradan qaldırılması istiqamətində işlər görülür. Yaxın 2-3 gün ərzində bütün avtobuslarda kondisionerlərin fəaliyyəti tam bərpa olunacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az


