Saturyan: “Biz Allah qarşısında böyük günahlar işlətmişik”backend

Saturyan: "Biz Allah qarşısında böyük günahlar işlətmişik"

Rusiyada yaşayan bir qrup erməni siyasi ekspert hələ də Ermənistan hakimiyyətini ittiham edir və Qarabağdakı qanunsuz hərbi birləşmələrin təslim olmasıyla barışa bilmirlər. Onlar Paşinyan hakimiyyətini Qarabağa kömək etməməkdə günahlandırırlar. Həmçinin, baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasına görə ittiham edirlər.

Moskvada yaşayan erməni politoloq Sarkis Saturyan da son çıxışında Ermənistan hakimiyyətini satqınlıqda günahlandırıb və Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmədiyini bildirib. Son üç ildə bir neçə dəfə Qarabağa səfər edən faşist ideologiyasının təbliğatçısı Azərbaycanın əleyhinə ifadələr işlədib. Bildirib ki, Ermənistanın suverenliyi sual altındadır və növbəti hədəf Zəngəzur dəhlizidir.

Daha sonra Ermənistan ordusuna səslənən Saturyan onları Qarabağ uğrunda yeni mübarizəyə səsləyib: “İsti kabinetlərdə oturub Qarabağın təhvil verilməsini seyr edirsiniz. Niyə ayağa qalxıb, bizi bu biabırçılıqdan xilas etmirsiniz? Çünki siz hamınız qorxaqsınız! Mənə həmişə sual verirlər ki, erməni xalqının uğursuzluqları nəylə bağlıdır və xalq niyə bu qədər əziyyət çəkir? Mənim cavabım belədir: biz heç vaxt öz səhvlərimizdən nəticə çıxarmırıq. Biz Allah qarşısında çox böyük günahlar işlətmişik. Bu günahlardan ən birincisi odur ki, biz xalq olaraq özümüzə güvənməmişik. Bizim Allaha da güvənimiz yoxdur və güvənimizi itirmişik. Biz ruslara, fransızlara, amerkanlara inana-inana milli kimliyimizi əldən verdik. Biz özümüzə gəlməliyik və məhv olan erməni ruhunu bərpa etməliyik”.

Xəstə təxəyyüllü bu insanın erməni cəmiyyətinə ünvanladığı bu müraciət, əslində, bir toplumun bütün inanclardan uzaq olduğunu göstərir. “Biz Allah qarşısında böyük günahlar işlətmişik”, – deyən bir erməni yeni günahlarının fərqində deyil. Əslində isə dinc insanları yenidən döyüş meydanlarına səsləyən, revanşizmi təbliğ edən belə qüvvələrin təbliğatı erməni xalqını növbəti bəlalara sürükləyir.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*