Almaniyada Rusiya dövlət nömrə nişanlı avtomobillərin tutulması halları məlum olub. Almaniya gömrükçüləri sanksiyalara görə Rusiyadan şəxsi avtomobillə ölkəyə girişin qadağan edildiyini iddia edirlər.
KONKRET.az “Business FM”-ə istinadən xəbər verir ki, bunu mediaya Latviyadan bərə ilə Almaniyaya getməyə cəhd edən ruslardan biri deyib. Bildirilir ki, artıq ondan artıq belə epizod var və alman gömrükçüləri Rusiyadan şəxsi avtomobillə Almaniyaya girişin qadağan olunduğunu iddia edirlər.
Rusiyalılara cinayət işi açıldığı da bildirilib. Sonradan bəzi şəxslərin sənədləri qaytarılsa da, maşınlar həbsdə qalıb.
Almaniya hakimiyyəti Rusiya avtomobillərinin Aİ-yə idxalını qadağan edən sanksiyalara istinad edir. Lakin şəxsi avtomobillərin həbsi halları indiyədək yalnız Almaniyada baş verib. Ekspertlərin fikrincə, sanksiya qanunvericiliyinin tətbiqi məsələsi siyasiləşdirilib və bu məsələ Rusiyanın xeyrinə deyil.
Sevinc Paşayeva,
KONKRET.az
