Həmsöhbətim tanınmış taksi şirkətlərindən birinin sürücüsüdür. Təkid etsəm də, adının çəkilməsini istəmir. Səbəbi belə izah edir ki, hər an buna görə şirkətlə taksi fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanı alarkən problemlə üzləşə bilər. Keçək söhbətimizin məğzinə. Sürücümüz icarə əsasında günlük 25 manat ödəməklə götürdüyü maşınla taksiçiliklə ailəsini dolandırmağa çalışır. Deyir ki, şirkət faizini və digər xərcləri çıxandan sonra gündəlik 15-20 manat pul qazana bilir. Lakin qəhrəmanımızı pulun az olması, dolanışığın çətinliyi incitmir. Onu narahat edən BNA adlanan qurumun özbaşınalığı, ədalətsiz qərarları və son nəticədə onun kimi yüzlərlə minlərlə taksi sürücüsünün, ümumiyyətlə, sürücülərin maddi çətinliyə salmasıdır. Bəli, məhz hər ay müsahibimizə mütamadi olaraq 80-100 man olmaqla cərimə gəlir, elektron olmaqla. Hamısı da məbləği 20 AZN olan dayanma-durma cərimələridir. Sürücü vurğulayır ki, “mən hər ay 20 man BNA-ya taksi fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanına pul ödəmirəm ki, mənə əlavə hər ay da 80-100 man cərimə göndərsinlər. Hansı ədalətə, vicdana sığır bu? Avtomobilin damında “taksi” yazılan fərqləndirici nişan da açıq-aydın görünür. Məgər bunlar anlamırlar ki, bu sürücü hər ay 20 man məhz bu işi görmək üçün dövlətə vergi ödəyir. Bu insandır, əşya, yaxud zibil deyil ki, maşın hərəkətdə ola-ola, dayanmadan pəncərədən atasan ki, sənə cərimə gəlməsin! Sözümüzü kimə deyək, bizim haqqımızı kim qorusun? Onsuz da çətin olan sosial durumumuzu dövlət qurumlarının belə haqsızlıqları daha da ağırlaşdırır.
Hazırladı: Elman Məmmədov
