Tarix təkrar olunur – Şərtlər başqadır – Erməni təcavüzündə paralellərbackend

Tarix təkrar olunur - Şərtlər başqadır - Erməni təcavüzündə paralellər

1918-ci ildə qurulan demokratik respublikamızın qarşısında iki böyük əngəl vardı: Bakıda hakimiyyəti ələ keçirən, mart soyqırımını törədən ermənilər, iyul ayında Qarabağda üsyan qaldıran ermənilər.

Birinci ilə savaşda bizə Osmanlı dövləti yardım etdi, Qafqaz İslam Ordusunun sayəsində ingilislər, ermənilər məğlub edildi, istiqlaldan üç ay sonra Bakı işğaldan azad olundu. Erməni asilərin Qarabağdakı ilk üsyanları da onların sayəsində darmadağın edildi və bölgədə bir müddət sabitlik yaradıldı. Təəssüf ki, Osmanlı ordusunun Azərbaycandan getməyə məcbur olmasından sonra asilərlə üzbəüz yalnız bir qüvvəmiz qaldı: Azərbaycan əsgəri.

“Türkmənçay”dan sonra Azərbaycan ordusu deyilən bir anlayış qalmamışdı. Çar Rusiyası müsəlmanlar gələcəkdə silahlanıb torpaqlarını azad etməsinlər deyə onları hərbi xidmətə aparmır, gənclərin əsgəri qabiliyyətlərə yiyələnməsinin qarşısını bu şəkildə alırdılar. Ona görə də 1917-ci ildə Qafqazda anarxiya hökm sürməyə başladığı zaman hər şeyi sıfırdan başlamaq məcburiyyətində idik. Nuri paşa o illəri belə xatırlayırdı: “Azərbaycana gəldiyimiz zaman qarşılaşdığımız mənzərə belə idi. Türkləri təşkilatlandırmaq üçün çox çalışmaq lazım idi. Bu sahədə bizə rus ordusunda xidmət görmüş azərbaycanlı zabitlərin çox köməyi oldu. Nəhayət gecəli-gündüzlü çalışmalarımız səmərə verdi. Yerli türklərin damarlarındakı qan onların anadolulu qardaşlarından fərqsiz olduğunu isbat etdi. Biz çalışmalarımızda müvəffəq olduq. Bakının qurtuluşunda yerli türklər də məhmətçik olaraq iştirak etdilər. Yüz illərdən sonra ilk dəfə batılı və doğulu türklər bir bayraq altında savaşırdılar…”.

Osmanlı komandanlarının, Səməd ağa Mehmandarovun timsalında generallarımızın səyi nəticəsində milli ordumuz zamanla formalaşır, güclənirdi. Hərbi məktəblər açılır, gənc zabitlər birbaşa döyüş bölgələrinə gedirdilər. Bu gənc ordunun sayəsində Lənkəran fitnəsi aradan qaldırıldı.

Amma Qarabağın coğrafi vəziyyətinə görə orada üsyançıların təmizlənməsi çətin idi. Bu baxımdan 1920-ci ilin martında başlanan qiyamın yatırılması Azərbaycan ordusunun hərb tariximizdəki ən böyük qələbəsidir. Tarixə Əsgəran döyüşü kimi keçib.

Yüz il öncə baş vermiş Əsgəran döyüşü vaxtı orduda və ölkədə vəziyyət nə yerdə idi?

Tərəddüdsüz deyirəm, indiki kimi!

Həmin döyüşlə bağlı Rəsulzadənin “Azərbaycan” qəzetində “Ordumuz zəfərdə” adlı məqaləsi dərc olunub. Yazıda döyüşə gedən Azərbaycan əsgərinin gücü və inamı ilə bağlı maraqlı bir xatirə verilib:

“Cəbhədən dönüb gələn bir arkadaşımız əsgərlərimizin xudapəsəndanə bir surətdə döyüşdüklərini anlatırkən diyordu ki, Daşbaşı hücumuna hazırlanan bir əsgərə “haraya gidiyorsunuz” – deyə sorduğum zaman “Daşbaşına gidiyoruz ki, onu başdaşı edəlim” cavabını verdi. İşlə həpimizə nümunə olacaq əzm və ümidin şairanə bir misalı!”.

İndi olduğu kimi o zaman da yüksəkliklərin əldə edilməsi vacib idi. Daşbaşı da o yüksəkliklərdən biri idi. Cəbhədəki əsgər oranı asi ermənilərə məzar etmək istərkən, parlamentdə və mətbuatda da ziyalılarımız və siyasilərimiz onları müdafiə edirdilər. Çünki qələbənin tək yolu əsgərin və siyasətçinin, əsgərin və ziyalının eyni haqlı amal uğrunda birləşməsidir.

Necə ki indi də belədir. Azərbaycanın ən sülpərvər insanları Azərbaycan əsgərinin arxasındadır. İnsanlarımız əsgərə dəstək üçün kampaniyalar keçirir, könüllü şəkildə orduya yazılır, hər kəs bir şəkildə faydalı olmağa cəhd edir. Çünki Cənubi Qafqazda sülhün bərqərar edilməsi, indiki uşaqlarımızın sülh içində yaşamasının tək yolu Qarabağdakı terrorçu rejimin məhv edilməsindən keçir. Necə ki Rəsulzadə həmin məqaləsində yazırdı: “Düşmənin xəyanətinə qarşı mahiranə bir surətdə müqabilə edən Şuşa və Xankəndi qarnizonları ilə vuruşacaq bu qəhrəman qüvvətlərimiz artıq əmin olalım ki, erməni macəraçılığına qəti bir intəha verərək Qarabağ məsələsini birdəfəlik həll edəcəkdir. Yaşasın gənc ordumuz! Ulu tanrı zəfərlərini çoxaltsın!…”.

İndi olduğu kimi yüz il öncə də vətəndaşlarımız könüllü şəkildə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulurdular. Rəsulzadə dövlət xadimi olaraq bu vəziyyəti şərh edərkən yazırdı: “Ordumuzun zəfərindən bəhs edərkən məmləkətin hər tərəfindən axıb gələn fədakar könüllülərimizdən uzun-uzadıya bəhs eləmək istəmədim, çünki ordu millətin qabiliyyəti-müdafiəsini təsdiq edən bir qüvvətdir. Ordunun zəfəri millətin, millət fədailərinin zəfəri deməkdir”.

Rəsulzadənin yüz il öncə dediyi kimi, bu gün Azərbaycan ordusunun zəfəri Azərbaycan millətinin zəfəridir. Onun əzilmiş ruhunun qələbəsidir.

Yüz il öncə “Əsgəran alındı!” xəbəri Rəsulzadə başda olmaqla siyasilərimizi və millətimizi necə sevindirmişdisə, ümid edirik ki, qısa zamanda “Şuşa alındı!” xəbəri ilə eyni həyəcanı yaşayacağıq.

Ümidimiz sənədir, Azərbaycan əsgəri!

Müəllif: Dilqəm Əhməd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*