ABŞ prezidenti Donald Trampın oğulları, Erik Tramp və Donald Tramp Jr. Qazaxıstanda volfram yataqlarının işlənməsi ilə bağlı şirkətə ortaq olublar.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp qardaşları 2025-ci ilin avqust ayında “Skyline Builders” adlı tikinti qrupunda pay əldə ediblər. Bir sıra əməliyyatlardan sonra “Skyline” şirkəti “Cove Capital” investisiya qrupu ilə əlaqəli olan “Kaz Resources” şirkətində 20%-lik paya sahib olub. Daha sonra “Kaz Resources” və Qazaxıstandakı layihələrə nəzarət edən “Cove Kaz Capital” strukturu “Skyline” ilə birləşdirilib.
Nəşr xatırladır ki, ötən il ABŞ-ın İxrac-İdxal Bankı və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) Qazaxıstanda volfram hasilatı layihələrinin dəstəklənməsi üçün 1,6 milyard dollara qədər maliyyə ayırmağı təsdiqləyib. Bu layihələrdə nəzarət paketi (70%) “Cove Kaz Capital” strukturuna məxsusdur.
Donald Tramp Jr.-ın nümayəndəsi Financial Times-a bildirib ki, o, yalnız passiv investor kimi çıxış edir. Yəni şirkətlərin gündəlik fəaliyyətində iştirakı yoxdur və investisiya etdiyi qurumların maraqları naminə federal orqanlarla əlaqə saxlamır.
Müşviq Tofiqoğlu
KONKRET.az
