Tələbələr istədikləri saatda dərsə gedə biləcəklər? – AÇIQLAMAbackend

Tələbələr istədikləri saatda dərsə gedə biləcəklər? – AÇIQLAMA

Universitet tələbələrinin dərs cədvəllərini şəxsi vaxtlarına, iş rejimlərinə və digər öhdəliklərinə uyğun seçməsi bir çox ölkələrdə tətbiq olunan çevik təhsil yanaşmalarından biridir. Belə bir model tələbələrə təhsillə yanaşı, işləmək, elmi və sosial fəaliyyətlərdə iştirak etmək imkanı yarada bilər.

Bəs xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda da tələbələrə dərs saatlarını özlərinin müəyyənləşdirməsi hüququ verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Turan Hüseynov bildirib ki, Azərbaycanda da bu modelin tətbiqi nəzəri baxımdan mümkündür. Lakin bunun üçün həm akademik, həm də infrastruktur baxımından zəruri şərtlər təmin edilməlidir.

təhsil eksperti Turan Hüseynov

“Məsələyə iki istiqamətdən yanaşmaq lazımdır. Bunlardan birincisi təhsilin müddəti və kredit sisteminin çevikliyi ilə bağlıdır.

Azərbaycanda bakalavriat təhsili, bir qayda olaraq, dörd il davam edir. Bununla belə, kredit sistemi tələbələrə müəyyən çərçivədə daha çox və ya daha az kredit götürərək fərdi təhsil trayektoriyası qurmaq imkanı yaradır. Müvafiq akademik tələblərə və normativ qaydalara əməl olunmaqla, təhsil müddətinin fərdi imkanlara uyğun planlaşdırılması mümkündür”.

Turan Hüseynovun fikrincə, bu yanaşma xüsusilə işləyən, ailə məsuliyyəti daşıyan və digər şəxsi öhdəlikləri olan tələbələr üçün əhəmiyyətlidir.

Ekspert ikinci istiqamətin isə gün ərzində dərs saatlarının tələbələrin özləri tərəfindən seçilməsi olduğunu vurğulayıb.

“Belə bir sistemin tətbiqi üçün universitetlərdə fənlər, qruplar və müəllimlər üzrə dərs saatları əvvəlcədən elan edilməli, tələbələrə isə müəyyən edilmiş qaydalar çərçivəsində seçim imkanı yaradılmalıdır. Bunun üçün elektron qeydiyyat sisteminin, çevik dərs planlaşdırmasının və tələbə sayına uyğun təşkilati imkanların olması vacibdir”.

Təhsil eksperti hesab edir ki, tələbələrin dərs cədvəllərini sərbəst seçməsinə mane ola biləcək əsas amillərdən biri universitetlərin maddi-texniki bazasıdır.

“Bəzi ali təhsil müəssisələrində auditoriya çatışmazlığı və növbəli dərs rejimi fərdi seçim imkanlarını məhdudlaşdıra bilər. Eyni auditoriyalarda gün ərzində müxtəlif qrupların dərslərinin keçirilməsi çevik cədvəl sisteminin tətbiqini çətinləşdirir”.

Turan Hüseynov bu baxımdan universitet şəhərciklərinin yaradılmasının və mövcud kampusların genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, kifayət qədər auditoriyaların, laboratoriyaların, kitabxanaların və tələbələrin müstəqil fəaliyyət göstərə biləcəyi məkanların mövcudluğu çevik təhsil modelinin tətbiqini asanlaşdıra bilər.

Ekspertin qənaətinə görə, universitetlərin növbəli dərs rejimindən tədricən daha çevik planlaşdırma modelinə keçməsi də nəzərdən keçirilə bilər. Bununla belə, yeni sistemin bütün ali təhsil müəssisələrində eyni vaxtda tətbiqindən əvvəl müvafiq infrastruktura və təşkilati imkanlara malik universitetlərdə pilot layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı.

Ekspert hesab edir ki, tələbələrin dərs cədvəllərini seçmək imkanının genişləndirilməsi onların yalnız təhsilinə deyil, universitet həyatının digər sahələrində iştirakına da müsbət təsir göstərər.

“Çevik dərs qrafiki tələbələrin elmi klublara, tələbə təşkilatlarına, idman və mədəni tədbirlərə, eləcə də könüllülük layihələrinə qoşulmasını asanlaşdırar. Universitet mühiti yalnız auditoriya dərsləri ilə məhdudlaşmamalı, gənclərin sosial bacarıqlarının, liderlik keyfiyyətlərinin və fərdi potensialının inkişafına da xidmət etməlidir.

Çevik dərs cədvəlinin tətbiqi sadəcə dərs saatlarının dəyişdirilməsi deyil, universitet idarəçiliyinin, infrastrukturun və tədrisin təşkili prinsiplərinin yenidən nəzərdən keçirilməsini tələb edir”.

Beləliklə, Azərbaycanda tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək hüququnun verilməsi perspektivli yanaşma kimi qiymətləndirilə bilər. Lakin bunun üçün akademik tələblərin qorunması ilə yanaşı, ali təhsil müəssisələrinin texniki və təşkilati imkanları da genişləndirilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*