Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərtbackend

Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt

Kredit tarixçəsi bankların müştərilərin kredit müraciətlərini qiymətləndirərkən diqqət yetirdiyi əsas amillərdən biridir. Əvvəlki kreditlərin vaxtında ödənilməsi müştərinin etibarlı borcalan kimi qiymətləndirilməsinə kömək etdiyi halda, ödənişlərdə yol verilən gecikmələr onun növbəti kredit müraciətinə mənfi təsir göstərə bilər. Bu isə kreditin təsdiqlənməsinə, ayrılacaq məbləğə, ödəniş müddətinə və faiz dərəcəsinə təsirsiz ötüşmür.

Bəs, mənfi kredit tarixçəsi olan şəxslər yeni kredit almaq imkanını tamamilə itirirlərmi? Vaxtında ödənilən kreditlər daha sərfəli şərtlərlə borc götürməyə necə şərait yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit tarixçəsi həm banklar, həm də müştərilər üçün vacib göstəricilərdən biridir. Onun sözlərinə görə, müsbət kredit tarixçəsi daha əlverişli şərtlərlə maliyyə vəsaiti əldə etmək imkanlarını artırdığı halda, mənfi tarixçə kredit şərtlərinin sərtləşməsinə, hətta müraciətin rədd edilməsinə səbəb ola bilər.

Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur” Pravda.az

Ekspert qeyd edib ki, banklar müştərinin əvvəlki kredit öhdəliklərini necə yerinə yetirdiyinə əsasən onun borclarını qaytarmaq etibarlılığını qiymətləndirirlər. Kredit ödənişlərini vaxtında həyata keçirən şəxslərin daha böyük məbləğdə, uzun müddətə və aşağı faizlə kredit əldə etmək ehtimalı yüksək olur.

Əksinə, əvvəlki kreditlər üzrə problemləri və ödəniş gecikmələri olan şəxslər yeni kredit müraciəti zamanı çətinliklərlə üzləşə bilərlər. Belə hallarda bank müştərinin kredit müraciətini rədd edə, məbləği azalda, ödəniş müddətini qısalda və ya faiz dərəcəsini yüksəldə bilər.

Beləliklə, kredit tarixçəsi yalnız yeni kreditin təsdiqlənməsinə deyil, həm də müştəriyə təklif ediləcək maliyyə şərtlərinə təsir göstərir. Bu səbəbdən mövcud kredit öhdəliklərinin vaxtında yerinə yetirilməsi gələcəkdə daha sərfəli kredit imkanlarından yararlanmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*