Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…backend

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Azərbaycanda sentyabr və oktyabr aylarında payız mövsümünə uyğun olmayan isti hava şəraiti müşahidə olunub. Lakin artıq havalar dəyişib: Bakıda yağış, bəzi rayonlara isə qar yağır. Bildirilir ki, yaxın günlərdə qarlı-yağışlı hava daha çox müşahidə olunacaq. Temperaturun qısa müddətdə kəskin dəyişməsi isə insan sağlamlığı üçün müəyyən risklər yaradır.

Əhali bu məqamda nələrə diqqət etməlidir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, xüsusilə yaşlı insanlar, uşaqlar, astma və digər tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər diqqətli olmalıdırlar:

“Ürək-damar xəstəlikləri olan insanlar da temperatur dəyişikliklərinə qarşı həssasdırlar. Soyuq və rütubətli hava bəzi insanlarda oynaq ağrılarını artıra bilər. Mövsümi respirator infeksiyalar bu dövrdə daha çox yayılır”.

Terapevt bildirib ki, insanlar hava şəraitinə uyğun geyinməli, xüsusilə səhər və axşam saatlarında soyuqdan qorunmalıdırlar:

“Yağışlı havalarda islanmış paltarla uzun müddət qalmaqdan çəkinmək lazımdır. Qidalanmaya diqqət yetirmək, kifayət qədər su içmək və yuxu rejimini qorumaq da vacibdir. Xroniki xəstəlikləri olan şəxslər həkimin təyin etdiyi müalicəni davam etdirməlidirlər. Həmçinin, xəstə insanlarla yaxın təmasın azaldılması və əllərin mütəmadi yuyulması infeksiyalardan qorunmağa kömək edir. Uşaqların və yaşlıların hava şəraitinə uyğun geyinməsinə xüsusi diqqət yetirilməlidir. Hər hansı xəstəliyin əlamətləri yarandıqda özbaşına dərman qəbul etmək əvəzinə həkimə müraciət etmək məsləhətdir. Yüksək hərarət, nəfəs darlığı və ya sinə ağrısı kimi ciddi əlamətlər olduqda isə tibbi yardıma gecikmədən müraciət edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*