Adına “texniki baxış” deyilən pulyığma kampaniyasının qızğın vaxtıdır. Ölkədəki milyon yarımdan artıq maşın texniki baxışdan keçməlidir. Bunların içində yalnız lap yeni avtomobillərə bir neçə illik texniki baxışdan azad olmaq güzəşti tanınıb. Qalan bütün avtomobillər, guya ki, hər il texniki baxışdan keçməlidir.
Bundan ötrü ölkə boyunca müəyyən yerlərdə münasib şərait də yaradılıb. Sürücülər avtomobillərini oraya gətirib uzun növbələrdə gözləməli, maşınların istismara yararlı olub-olmadığını yoxlatdırmalı, xırda-para nasazlıqları yerindəcə aradan qaldırmalı, nəhayət, müvafiq sənəd, birka alıb getməlidirlər.
Praktikada isə başqa cürdür: avtomobil sürücülərinin 90 faizi uzun növbələrdə gözləmirlər və təbii ki, avtomobillərini də yoxlatdırmırlar, sadəcə, texniki baxış üçün tələb olunan rüsumu artıqlaması ilə (bəzən ikiqat) ödəyərək birkalarını alıb gedirlər.
Yalnız 5-10 faiz sürücü avtomobilini texniki baxışdan qaydalar tələb edən cür keçirir. Bunlar isə ya ikiqat rüsum ödəmək istəməyənlər, ya da vaxtları çox olanlardır. Hər kəsin texniki baxışdan qaydalara uyğun keçəcəyi halda gərək aylarla çəkən növbələr olsun və bu, ilböyu davam eləsin.
Bu, göstərir ki, ölkəmizdə texniki baxış formal xarakter daşıyır, hər il sürücülərdən məcburi sığorta və texniki baxış rüsumu qoparmaqdan başqa bir şeyə yaramır. Sürücülər bunu öz aralalarında “sağılmaq” adlandırırlar.
Onsuz da heç kəs avtomobilini ciddi nasazlıqlar ola-ola idarə etmir, edə bilmir. Məsələn, əgər avtomobilin tormoz və ya qabarit işıqlarında problem varsa, gecə vaxtı yola çıxmaq olarmı? Qəti olmaz. Başqa nasazlıqlar da o cümlədən. Ona görə də sürücülər texniki baxış məcburiyyəti olsa da, olmasa da, vaxtaşırı avtoservislərə, maşın ustalarına baş çəkir, avtomobillərini saz saxlamağa çalışırlar.
Texniki baxışın formal xarakter daşımasını göstərən bir göstərici də 40-50 il əvvəl buraxılmış, istismar müddəti çoxdan ötmüş, özünü zorla daşıyan, cındırından cin ürkən, yollara qara tüstü buraxan avtomobillərin ölkə və paytaxt yollarında görünməsidir. Sual çıxır: bu avtomobillər texniki baxışdan necə keçib?
Beş-altı il öncə qonşu Gürcüstanda avtomobillərin texniki baxışdan keçirilməsi məcburiyyətini ləğv ediblər, amma ölkənin yolları heç də sınıq-salxaq, nasaz avtomobillərlə dolmayıb. Sadəcə, sürücülərə qarşı tətbiq edilən soyğun növlərinin biri azalıb.