ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz işçilərinə İrana hücum planlarını ehtiva edən məxfi sənədi göstərib.
KONKRET.az xəbər verir ki, bu barədə “CNN” telekanalı sərəncamında olan audioyazıya istinadən məlumat yayıb.
Bildirilib ki, məxfi məlumatların açıqlandığı görüş 2021-ci ilin iyul ayında Nyu-Cersi ştatının Bedminster şəhərində baş tutub.
Qeyd olunub ki, burada Tramp, Ağ Evin keçmiş Aparat rəhbəri Mark Medouz və digər iki əməkdaş iştirak edib.
Tramp İrana hücum planı ilə bağlı məxfi məlumatları məhz onlarla paylaşıb.
Bundan əlavə, səs yazısında Trampın və onun əməkdaşlarının Hillari Klintonu necə ələ saldığı da əks olunub.
Onlar zarafat edib ki, keçmiş dövlət katibi bütün gizli elektron məktublarını çap edir.
Kanalın məlumatına görə, onun əlində olan səs yazısı Trampın məhkəmə işində mühüm sübut ola bilər.
Xatırladaq ki, Tramp və onun köməkçisi Uolt Nauta 38 maddə üzrə məxfi sənədlərlə düzgün davranmamaqda və ədalət mühakiməsinə mane olmaqda ittiham olunur. Tramp ittihamların heç biri üzrə özünü təqsirli bilməyib.
İqbal Rzayev,
KONKRET.az
