Vətəndaşlar Baş Prokurora və DİN-ə müraciət edib.
Xaçmaz rayonunda iqtisadi inkişaf nazirinin müavininin imzası ilə saxta sənədlər hazırlayan “ARCHİPLANS” MMC sakinlərə külli miqdarda ziyan vurub. Konkret.az-ın Şimal bürosu xəbər verir ki, bir neçə ay bundan əvvəl Famil adlı şəxs təsisçisi olduğu “ARCHİPLANS” MMC vasitəsilə rayonun bir sıra ərazilərində yaşayış evlərinin və iaşə obyektlərinin layihələndirilməsi işinə başlayıb. İşə başlamamışdan öncə o, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətinə məlumat verib. Prosedur qaydalara uyğun olaraq MMC-nin lisenziyası yoxlanılıb və hüquqi normativlər əsasında bu işə start üçün razılıq verilib. Amma çox keçmədən rayonun bəzi ərazilərindən MMC-nin fəaliyyətilə bağlı narazılıqlar yaranıb. Məsələ araşdırılıqda məlum olub ki, qurumun təsisçisi vətəndaşlara özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim edərək məcburi qaydada layihələndirmə işləri aparıb. Layihələndirmə işlərində sonralar təhdidlər, şantaj və digər qanunsuzluqlara da yol verilib. Dərhal Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev həmin MMC-nin rayonda fəaliyyətinə qadağa qoyub. Lakin qısa müddətdən sonra MMC işçilərinin səsi rayonun Qımıl, Ləçət və Nabran ərazilərindən gəlib. Daha doğrusu həmin kəndlərdən xeyli sayda şikayətçi icra hakimiyyətinə üz tutub.
Bir müddət sonra rayonun Seyidli kəndindən də “ARCHİPLANS” ın soraqları gəlməyə başlayır. Məlum olub ki, bu MMC-nin vətəndaşlara verdiyi layihə sənədlərinin əksəriyyətinin heç bir hüquqi əsası yoxdur. Onlar sakinləri aldadıb layihələşməyə cəlb etmək üçün müxtəlif təhdid predmentlərindən yararlanıblar. Əvvəllər bunu icra başçısının tapşırığı ilə həyata keçirildiyi bildirilib. Daha sonra Prezidentin sərəncamı əsasında məcburi qaydada həyata keçiriblər. Onlar hətta iqtisadi inkişaf nazirinin müavini olan Sahib Məmmədovun da adını hallandırıb, bu işi məhz onun sifarişi ilə həyata keçirdiklərini deyiblər. Vətəndaşlara verilən sənədlərdə isə Nazir müavini Sahib Məmmədov həmin “MMC”-nin VÖİN nömrəsi 1304001311 olan lisenziyasını təsdiq edən məsul şəxs qismində göstərilir. Ən maraqlısı da odur ki, Sahib Məmmədov bu “MMC ” yə müddətsiz lisenziya veribmiş.
Araşdırmalarımız nəticəsində məlum olub ki, bu MMC-nin cavabdeh şəxsləri barəsində dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən hüquqi tədbirlər görülüb. Hazırda isə Quba Rayon Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparıldığı barədə məlumat əldə etdik.
