Otuz beş il əvvəl Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başlayanda çoxlarının ağlına gəlməzdi ki, yüz minlərlə insan öz doğma yurd-yuvalarını tərk edəcək və doğulub boya-başa çatdığı isti ocağına həsrət qalacaq. Bəli, düz 35 il əvvəl Ermənistanın düşmənçilik siyasəti nəticəsində 300 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan didərgin düşdü. Göyçədən Zəngəzura, Dərələyəzdən Zəngibasara, Qaraqoyunlu dərəsindən Ağbabaya qədər ellərimiz boşaldıldı. Ölüm qorxusu altında öz yurd yerlərini tərk edən soydaşlarımız qarda, çovğunda Azərbaycana pənah gətirdilər. Qərbi Azərbaycan bir an belə dillərindən düşmədi və qədim yurd yerlərimizə qayıdış gününü səbirsizliklə gözlədilər. Düşmən tapdağında qalan yurd yerlərimizin sonradan erməniləşdirilməsi, azərbaycanlıların izlərinin silinməsi prosesi bir daha göstərir ki, ermənilər regiona gəlmə xalqdır və əllərinə düşən tarixi imkandan istifadə edərək, qədim Azərbaycan torpaqları hesabına dövlət yaradıblar.
Hazırda Cənubi Qafqazda yaranan geosiyasi vəziyyət azərbaycanlıların öz doğma yurd yerlərinə qayıdışı məsələsini də gündəmə gətirib. Ermənistanla bağlanacaq sülh müqaviləsinin bəndlərindən biri də qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışıyla bağlıdır.
Vaxtilə yurd yerlərindən qaçqın düşən həmvətənlərimiz indi həsrətlə o günü gözləyirlər və buna sidq ürəklə inanırlar.
Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Vüsal Hümbətzadə əslən Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndindəndir. Vüsal o yerləri görməsə də, doğma el-obaya sevgi onunla bərabər boy atıb.
KONKRET.az-ın redaksiyasına ünvanladığı məktubunda V.Hümbətzadə yazır: “Böyük Qayıdışa inanıram. Mənim ata yurdum Böyük Vedi, Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, İrəvan şəhərindən 49 kilometr aralıda, Vedi çayının kənarında yerləşən qəsəbədir. Qərbi Azərbaycanda ilk qız məktəblərindən biri məhz Böyük Vedidə, Bilal Paşayevin evində açılmışdı. Vedi saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri ilə zəngin olub. 1828-ci il martın 21-də Erməni vilayətinin yaranması ilə ermənilərin bölgədə çoxalması müşahidə olunub. Bununla da Qərbi Azərbaycan bölgələrində erməniləşmə prosesi sürətlənib. Bundan sonra ermənilərin həmin ərazilərdə erməni dövləti yaratmaq arzusu baş qaldırıb və rusların köməyi ilə buna nail olublar. Məhz bu siyasətin davamı olaraq soydaşlarımızın müxtəlif vaxtlarda deportasiyası həyata keçirilib. XX əsrin əvvəllərində erməni daşnakları Qərbi Azərbaycan kəndlərini yandırıb, əhalini qətlə yetiriblər. Öz yurd yerlərindən didərgin düşən soydaşlarımız bir müddət sonra yenidən o yerlərə qayıdıblar. Böyük Vedi qəsəbəsinin mərkəzində Qalabürc deyilən bir təpə var. 1918-1920-ci illərdə Vedi daşnakların hücumuna məruz qalanda Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi Vedibasar özünümüdafiə qüvvələri dəfələrlə həmin təpənin ətrafında düşməni darmadağın etmişdi. Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılan özünümüdafiə dəstələri azərbaycanlıları erməni qırğınlarından qorumuş, Zəngibasarda və İrəvandakı soydaşlarımızın köməyinə də getmişdi.
1930-cu il sentyabrın 9-da keçmiş Vedibasar mahalının Vedi nahiyəsinin ərazisində Vedi rayonu təşkil edilib. Böyük Vedi də rəsmi olaraq bu rayonun inzibati mərkəzi olub. 1946-cı il aprelin 4-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Böyük Vedi kəndinin adı dəyişdirilərək Vedi kəndi qoyulub. 1948-1953-cü illər deportasiyası zamanı Vedi rayonundan köçürülməsi nəzərdə tutulan kəndlərdən biri də Böyük Vedi olub. 1949-cu ildə kəndin azərbaycanlı əhalisinin çoxu Azərbaycana köçürülüb. Camaat Tərtər, Bərdə, Şəmkir və başqa rayonlara yerləşib. 1948-53-cü illərin deportasiyasından sonra 1960-cı illərdə səssiz köç də baş verib. Ermənilərin əməllərindən bezən azərbaycanlılar ailələrinin, uşaqlarının gələcəyi naminə vətənlərini səssizcə tərk edib, Azərbaycana pənah gətiriblər. 1988-ci il hadisələrində isə silahlı ermənilər kəndlərimizə basqın edib, əhalini zorla evlərindən çıxarıblar. Beləliklə, yüz minlərlə soydaşımız kimi, Vedi camaatı da tarixi torpaqlarından didərgin salınıb”.
Vüsal Hümbətzadə daha sonra yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin cəsarəti erməniləri susdurub: “Cənab Prezident 44 günlük Vətən müharibəsində sadəcə ermənilərlə deyil, dünya erməniliyi ilə, onların havadarları ilə mübarizə apardı. Bu gün biz işğaldan azad olunan Qarabağa qayıdırıqsa, bu, Azərbaycan xalqının və onun liderinin, Müzəffər Ali Baş Komandanın uğurudur, qələbəsidir. Hazırda ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır. Bu qayıdışın arxasında yurd nisgili, Vətən sevgisi dayanır. Bu məqamda Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi dəyərli fikirləri xatırlamaq yerinə düşər: “Mən inanıram və mən tam əminəm ki, bölgədə hər şey ədalət naminə dəyişəcək. Azərbaycan xalqının əzab-əziyyəti onun xeyrinə dəyişəcək. Və mütləq-mütləq siz gələcəkdə gedib Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də bizlərdə Vətənə qayıdışla bağlı böyük ümid yaradır: “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
Dövlət başçımızın Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı zamanı ziyalılarla görüşündə söylədiyi sözlər də hər bir azərbaycanlıya Qərbi Azərbaycana qayıtmaq inamı verir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, o gün gələcək və Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Bu sətirlər əslən Qərbi Azərbaycandan olan bir gəncin yurd yanğısı, doğma el-oba nisgili idi. Onun yurda bağlılığı, üzünü görmədiyi Vedi məhəbbəti Vətənə olan sevgidən qaynaqlanır. Azərbaycan Böyük Qayıdışın astanasındadır. Bu gün Laçına, Zabuxa, Füzuliyə, Zəngilana istiqamətlənən köç karvanı yaxın vaxtlarda Qərbi Azərbaycana yönələcək. O gün uzaqda deyil!
Natiq Səlim,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusuna uyğun olaraq dərc edilir.