Banklar yaşlı vətəndaşlara buna görə kredit vermir – İLGİNC SƏBƏBLƏRbackend

Banklar yaşlı vətəndaşlara buna görə kredit vermir - İLGİNC SƏBƏBLƏR

Azərbaycanda qanunvericilik 70 yaşdan yuxarı şəxslərə kredit verilməsini qadağan etmir. Lakin banklar yaş amilini risk göstəricisi kimi qiymətləndirərək kreditləşdirmə siyasətlərini daxili qaydalar əsasında müəyyənləşdirirlər.

Bəs 70 yaşdan yuxarı vətəndaşlar hansı hallarda kredit ala bilirlər və banklar bu zaman hansı meyarlara üstünlük verirlər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ölkə qanunvericiliyində və Mülki Məcəllədə yaşa görə kredit verilməsinə hər hansı qadağa nəzərdə tutulmayıb.

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

Onun sözlərinə görə, yalnız ipoteka kreditlərində yaş məhdudiyyəti tətbiq edilir:

“İpoteka kreditlərində son ödəniş yaşı 65 olmalıdır. Bu sahədə məhdudiyyət mövcuddur. Lakin digər kommersiya kreditləri üzrə banklar üçün qanunvericilikdə belə bir yaş həddi müəyyən edilməyib. Banklar kredit verilməsi ilə bağlı qərarı öz daxili risk siyasətlərinə uyğun qəbul edirlər”.

İqtisadçı qeyd edib ki, bankların müəyyən yaşdan sonra kredit verməməsi ilə bağlı qərarlarına qarşı hüquqi iddia irəli sürmək mümkün deyil:

“Bank pul satır və həmin satışın qaydalarını özü müəyyənləşdirir. Buna görə də hər bir bank öz risk siyasətinə uyğun olaraq hansı yaş həddinə qədər kredit verəcəyini müəyyən edə bilər”.

X.Kərimlinin sözlərinə görə, 70 yaşdan yuxarı vətəndaşlar kredit almaq üçün müraciət etdikdə digər müştərilərlə eyni meyarlar əsasında qiymətləndirilirlər:

“Rəsmi gəlirin olub-olmaması, pensiya alması, kredit tarixçəsi, girov təqdim etməsi və zamininin mövcudluğu kimi amillər nəzərə alınır. Bəzi banklar əlavə risklərin qarşısını almaq üçün həyat sığortasının rəsmiləşdirilməsini də tələb edə bilərlər”.

İqtisadçı vurğulayıb ki, yaş amili kreditin verilməsinə avtomatik maneə yaratmır. Əsas məsələ borcalanın ödəmə qabiliyyətinin və bankın müəyyən etdiyi risk meyarlarının tələblərinə cavab verməsidir. Bu səbəbdən 70 yaşdan yuxarı şəxslərin kredit almaq imkanları müraciət etdikləri bankın daxili siyasətindən və maliyyə vəziyyətlərindən asılı olaraq dəyişə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*