Qiymətlərdə böyük fərq: Hansı dondurma daha keyfiyyətlidir?backend

Qiymətlərdə böyük fərq: Hansı dondurma daha keyfiyyətlidir?

Yay aylarında havaların istiləşməsi ilə dondurmaya tələbat da əhəmiyyətli dərəcədə artır. Marketlərdə isə eyni məhsul kateqoriyasında dondurmaların qiyməti 80 qəpikdən başlayaraq 7-9 manata qədər yüksəlir.

Bu fərqin səbəbləri barədə KONKRET.az-a danışan texnika elmləri doktoru, qida eksperti Elsevər Fərzəliyev bildirib ki, qiymətlərdəki dəyişiklik ilk növbədə məhsulun tərkibi və istehsal xərcləri ilə bağlıdır.

Ekspert qeyd edib ki, isti havalarda insan orqanizmi sərinləşdirici qidalara daha çox ehtiyac duyur və dondurma da bu baxımdan ən çox seçilən məhsullardan biridir:

“Dondurma süd məhsulu olduğuna görə kifayət qədər zəngin qida dəyərinə malikdir və insan orqanizmi üçün faydalıdır. Lakin yağlılıq göstəricisi aşağı olan süddən hazırlanan bəzi dondurmalar həssas şəxslərdə burun-boğaz nahiyəsində müəyyən narahatlıqlar yarada bilər. Buna görə də dondurmanın tədricən, yavaş-yavaş istehlak edilməsi tövsiyə olunur”.

Elsevər Fərzəliyevin sözlərinə görə, bazarda daha ucuz qiymətə dondurma tapmaq mümkün olsa da, məhsulun qiymətini formalaşdıran əsas amillər istifadə edilən xammal və istehsal prosesidir:

“Əgər istehsalda daha keyfiyyətli süd, təbii dadvericilər və yüksək standartlara cavab verən əlavələrdən istifadə olunursa, məhsulun maya dəyəri də artır. Eyni zamanda istehsal zamanı sərf olunan enerji və digər texnoloji xərclər də qiymətə təsir göstərir. Maya dəyərinin yüksəlməsi son nəticədə satış qiymətinin artmasına səbəb olur.

Təbii əlavələrin əldə olunması və emalı əlavə maliyyə vəsaiti tələb edir. Bu da məhsulun son qiymətində öz əksini tapır. Ümumilikdə istehsalçılar məhsulun hazırlanmasına çəkilən bütün xərcləri nəzərə alaraq qiymət müəyyənləşdirirlər. Keyfiyyət göstəricilərinin yüksək olması isə dondurmanın bahalaşmasına təsir edən əsas amillərdən biridir”.

Ekspertin fikrincə, dondurmalar arasındakı qiymət fərqləri əsasən istifadə olunan xammalın keyfiyyəti, təbii qatqıların miqdarı, enerji sərfiyyatı və istehsal texnologiyası ilə əlaqədardır. Buna görə də daha yüksək qiymətə satılan məhsulların bir qismi daha keyfiyyətli və bahalı komponentlərdən hazırlanır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*