Yazıçı-jurnalist, Milli Məclisin deputatı Aqil Abbas Azərbaycanın səhiyyə sistemindəki neqativ hallara dair müəllif məqaləsi dərc etdirib.
Şəkidə üstünə ağac aşan yaralıların Bakıya gətirilməsindən, bir nəfərin isə şoka düşərək ölməsindən bəhs edən yazıçı məqaləsində daha sonra yazır: “O boyda xəstəxanada bu gənc müəlliməni şokdan çıxara biləcək həkimlər yox idimi?! Yox idisə, niyə bura – Bakıya götürülmədi?”
Konkret.az Aqil Abbasın yazısından parçaları təqdim edir:
“Tovuzda bir xanımı ilan sancır, o boyda rayonda ilana qarşı zərdab tapılmır. Gətirirlər Gəncəyə, Gəncədə də zərdab tapılmır. Üz tuturlar Mingəçevirə və xanım yolda həyatını itirir. Bu zərdab nədir ki,Tovuzda, eləcə də Gəncə kimi böyük şəhərdə tapılmır. Səhiyyə Nazirliyi bu zərdabı neyləyir? Özləri üçün saxlayırlar?!
Yenə rayonların birində bir qadını quduz it tutur. Rayonda buna qarşı vaksin tapılmır. Onu da gərək ki, Mingəçevirə gətirmək istəyiblər, ya da deyəsən Gəncəyə, orda da çarə tapılmır, Bakıya gətirəsi olurlar, yolda ölür.
On aylıq körpəni adi bir xəstəlikdən Ağdaşda müalicə edə bilmirlər, göndərirlər Mingəçevirə. Mingəçevirdə də dərdinə əlac edə bilmirlər, məsləhət bilirlər Bakıya aparsınlar, amma ambulans tapılmır. Deyirlər, ambulansı Ağdaş verməlidi. Hətta polis, prokurorluq işə qarışır, yenə də Ambulans ala bilmirlər. Uşaq atasının qollarında uçur cənnətə. O uşağı xilas etmək üçün Ambulans əsirgəyənlərin cəhənnəmdə qır qazanında yandırılacağına da inanmıram. Çünki cənnət-cəhənnəm söhbətləri uydurmalardır. Cənnət də bu dünyadı, cəhənnəm də. O uşağa ambulans verməyənlər bu dünyada cənnətdə yaşayırlar və körpə balamıza və balalarımıza cəhənnəm əzabı yaşadırlar. Oxudum ki, həmin həkimləri işdən kənarlaşdırıblar. Nə olsun? O körpə həyata qayıdacaqmı?”
“Mətbuatda oxudum ki, Yol polisi qəzada ağır yaralanan bir gənci məşhur «Semaşko» xəstəxanasına gətirir, amma xəstəxana yaralının ağır vəziyyətdə olduğunu deyib qəbul etmir. Məcbur olub başqa bir xəstəxanaya aparır, həmin xəstəxana da məlum səbəbdən qəbul etmir. Məcbur olub üçüncü xəstəxanaya aparır, nəhayət, qəbul edirlər. Qan lazım olur və həmin polis özü qan verir və yaralının həyatı xilas olur”.
Konkret.az
