“ABŞ Azərbaycanın Zəngəzurla bağlı istəyini dəstəkləməyə məcbur olacaq” – SENSASİON AÇIQLAMAbackend

“ABŞ Azərbaycanın Zəngəzurla bağlı istəyini dəstəkləməyə məcbur olacaq” - SENSASİON AÇIQLAMA

ABŞ-ın Azərbaycana münasibəti  bu ölkənin dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bir daha özünü büruzə verdi. Azərbaycana böhtan kampaniyasının davamı olan bu şouda ölkəmizin əleyhinə ittihamlar səslənib və Ermənistana dəstək ifadə olunub. 30 il ATƏT-in Minsk qrupuna həmsədrlik edən Amerikanın ermənipərəst mövqeyi bir daha sübut edir ki, uzun müddət vasitəçilik missiyasını öz üzərinə götürən ABŞ sadəcə Ermənistanın xeyrinə işləyib və Azərbaycanı işğalla barışdırmağa çalışıb. Azərbaycanın öz ərazilərini işğaldan tam azad etməsi isə onların maraqlarına uyğun gəlmədiyindən ölkəmizin əleyhinə müxtəlif bəyanatlar səsləndirirlər. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın ultimatum xarakterli bəyanatlarına dərhal münasibət bildirib.

Mövzunu KONKRET.az-a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, ABŞ-ın tənqidi, əslində, Azərbaycana qarşı yönəlməyib. Onun vəzifəsi Ermənistanda ictimai rəyi dəyişməkdir: “Bütün bu ifadələrə böyük istehza ilə yanaşıram, çünki olduqca absurddur. Ermənilərin özləri öz sərhədlərini bilmirlərsə, ABŞ Ermənistanın ərazi bütövlüyünü necə müdafiə edəcək? Ona görə də Paşinyan konkret rəqəmlər çəkərək, kvadratkilometrlərdən danışmağa başlayanda bu, gülünc görünür. Azərbaycanla yanaşı, Ermənistanın Gürcüstanla sərhədi hələ də demarkasiya olunmayıb. Bəs belə dəqiq riyazi hesablama haradan gəlir? İndi Xəzərin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın da əlavə kilometrləri var. Onları da sayaq. Odur ki, bu qeyri-qanuni bəyanatların beynəlxalq hüquq nöqteyi-nəzərindən kimin üçün nəzərdə tutulduğu aydın deyil.

Zəngəzur dəhlizinə gəlincə, bizə lazımdır ki, Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən işğal olunmazdan əvvəl mövcud olan sərhədlərə uyğun olaraq ədalətli şəkildə müəyyən edilsin. O zaman bütün Zəngəzur Azərbaycanın bir hissəsi idi. Görəsən, Orconikidzenin rəhbərliyi ilə Qafqaz Bürosunun qərarına nəyə görə hörmətlə yanaşmaq və onu əsas hesab etmək lazımdır? Belə bəyanatlar bəzi siyasətçiləri gülüş obyektinə çevirir.

Ümumiyyətlə, Makron və Şoltsun Sovet İttifaqının xəritələrinə xüsusi sevgisinin haradan gəldiyi maraq doğurur. Belə çıxır ki, Paşinyan nə deyirsə-desin, bu, həqiqət kimi qəbul edilməlidir. Ermənilər indi Zəngəzur dəhlizinin yalnız Azərbaycan, Türkiyə və Rusiyaya sərfəli olması xəbərini yayırlar. Və nədənsə bunun Qərbə, birbaşa ABŞ-a da sərfəli olduğu badərə danışmırlar.

Üstəlik, ABŞ bunda ən maraqlı tərəflərdən biridir. Çünki Türkiyə və Azərbaycanın dəstəyi olmadan Orta Asiyada hər hansı aktiv fəaliyyət sadəcə mümkün deyil. Beləliklə, ABŞ faktiki olaraq Zəngəzur dəhlizi konsepsiyasını dəstəkləməyə məcburdur.  Onlar gec-tez Azərbaycanın bolşeviklərin törətdiyi tarixi ədalətsizliyi aradan qaldırmaq istəyini dəstəkləməyə məcbur olacaq. Ona görə də ABŞ nümayəndələrinin çıxışlarının anti-Azərbaycan kimi təqdim olunmasına baxmayaraq, biz malik olduğumuz bütün üstünlükləri dərk etməliyik.

Ümumiyyətlə, mən dövlət katibi köməkçinin bəyanatlarının şişirdilməsinin qətiyyən tərəfdarı deyiləm. Bunlar  taktiki xarakter daşıyır. Məsələn, keçmiş Minsk qrupunun dövlət başçılarının Qarabağda münaqişənin dondurulmasının yolverilməzliyi ilə bağlı çoxlu bəyanatlarını görmüşük. Bunun nəticəsi necə oldu? Və sonra dövlət katibinin on birinci köməkçisi, təqaüdə çıxan Borrell absurd şeylər deyir. Onlara uyğun davranılmalıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*