Maaşlar 10-15 faiz arta bilər – Minimum əməkhaqqı ilə bağlı PROQNOZbackend

Maaşlar 10-15 faiz arta bilər – Minimum əməkhaqqı ilə bağlı PROQNOZ

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmə gəlib. 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqının məbləği dəyişdirilməyib. 2026-cı ilin fevralında qəbul edilmiş qanuna əsasən, hökumət hər il azı bir dəfə minimum əməkhaqqının məbləğinə yenidən baxmalıdır. Lakin bu, məbləğin mütləq artırılacağı anlamına gəlmir.

mövcud iqtisadi göstəricilər minimum əməkhaqqının yüksəldilməsinə nə dərəcədə imkan verir və gələn il artım nə qədər ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, minimum əməkhaqqının məbləği müəyyənləşdirilərkən bir sıra iqtisadi və sosial göstəricilər nəzərə alınmalıdır.

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı | KONKRET

“Bu göstəricilərə iqtisadi artımın səviyyəsi, ölkədə məşğulluq vəziyyəti, əmək məhsuldarlığı, orta aylıq əməkhaqqının dinamikası və manatın alıcılıq qabiliyyəti, o cümlədən inflyasiya daxildir. Xüsusilə əmək məhsuldarlığı minimum əməkhaqqının müəyyənləşdirilməsində mühüm rol oynayır. Buna görə də artımla bağlı qərar sadalanan amillərin kompleks təhlili əsasında verilməlidir.

Minimum əməkhaqqının artırılması yalnız dövlət büdcəsinə və dövlət sektoruna təsir göstərən qərar deyil. Bu addım iqtisadiyyatın bütün sahələrinə, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinə təsir edir. Mülkiyyət formasından və fəaliyyət miqyasından asılı olmayaraq, bütün işəgötürənlər müəyyən edilmiş minimum əməkhaqqı standartlarına əməl etməlidirlər”

Xalid Kərimlinin fikrincə, iqtisadi reallıqlar nəzərə alınmadan minimum əməkhaqqının artırılması bir sıra problemlər yarada bilər.

“Belə bir addım inflyasiyanın sürətlənməsinə, məşğulluğun azalmasına və qeyri-rəsmi əmək münasibətlərinin genişlənməsinə səbəb ola bilər.
Qərar qəbul edilərkən real sektorun, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yeni əməkhaqqı standartlarına uyğunlaşmaq imkanları qiymətləndirilməlidir. Minimum əməkhaqqının artırılması sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir göstərməməli, həm dövlətin maliyyə imkanları, həm də özəl sektorun mövcud vəziyyəti nəzərə alınmalıdır”.

Bununla yanaşı, iqtisadçı son iki ilin göstəricilərinin minimum əməkhaqqının artırılması üçün müəyyən əsaslar yaratdığını düşünür. Onun sözlərinə görə, orta aylıq əməkhaqqının artım tempi və inflyasiya səviyyəsi bu məsələnin aktuallığını artırır”.

Xalid Kərimli qeyd edib ki, təqdim etdiyi rəqəmlərə əsasən, 2025-ci ildə inflyasiya 5,2 faiz, 2026-cı ildə isə 5,7 faiz təşkil edib. 2027-ci ildə də inflyasiyanın təxminən 5,7 faiz səviyyəsində olacağı gözlənilir. Eyni zamanda, orta aylıq əməkhaqqı 2025-ci ildə 9,3 faiz, 2026-cı ilin ilk yarısında isə 7,2 faiz artıb.

İqtisadçı hesab edir ki, bu göstəricilər fonunda minimum əməkhaqqının təxminən 15 faiz artırılması mümkündür. Onun qənaətinə görə, belə bir addım manatın alıcılıq qabiliyyətinin azalmasının əhali, xüsusilə sosial baxımdan həssas qruplar üçün yaratdığı təsirləri qismən kompensasiya edə, eyni zamanda minimum əməkhaqqını orta aylıq əməkhaqqının artım dinamikasına uyğunlaşdıra bilər.

Beləliklə, Xalid Kərimlinin proqnozuna görə, Azərbaycanda minimum əməkhaqqı 2027-ci ildə 10-15 faiz aralığında artırıla bilər. Bununla belə, artımın konkret məbləği hökumətin iqtisadi göstəriciləri qiymətləndirməsindən və verəcəyi qərardan asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*