ABŞ-ın Vyetnamdakı aqibətini Rusiya Ukraynada yaşayır – TƏHLİLbackend

ABŞ-ın Vyetnamdakı aqibətini Rusiya Ukraynada yaşayır – TƏHLİL

Qloballaşan dünyada mövcud olan nəhəng dövlətlər zaman-zaman öz müstəmləkəçilik siyasətlərini həyata keçiriblər. İndi dünyaya demokratiyadan dəm vuran, beynəlxalq hüquqdan danışan ABŞ, Fransa, Rusiya, Böyük Britaniya və digər dövlətlər tarixin müxtəlif dönəmlərində kiçik və resurslu ölkələrə qarşı müharibələr apararaq milyonlarla insanın qətlinə səbəb olublar. Bu gün də dünyada eyni siyasi sistem hökm sürür. “Parçala və hökmranlıq et” siyasəti çox böyük amansızlıqla həyata keçirilir. Yeni dünya düzəninin, dünya güclərinin və qütblərin formalaşması prosesi gedir. Bu isə qanlı-qadalı müharibələrin dünyanı öz cənginə alması ilə nəticələnir. Hazırda Rusiya-Ukrayna arasında gedən müharibə məhz bu qəbildəndir. Mərkəzi Asiyada, Cənubi Qafqazda, hətta Avropanın şərq hissəsində hələ SSRİ dönəmində möhkəmlənən bugünkü Rusiya öz sələfinin siyasətini davam etdirir. Gah müxtəlif ölkələrdə sosial-siyasi ixtişaşlar yaratmaqla, gah da birbaşa hərbi müdaxilə ilə ölkələri özünə tabe etməyə çalışan Rusiya və ABŞ kimi nəhəng dövlətlər heç də hər zaman məkrli planlarını həyata keçirməyə müəssər olmur. Bu cür faktlar isə tarixdə kifayət qədərdir. Məsələn, ABŞ-Vyetnam, ABŞ-Əfqanıstan, Rusiya-Əfqanıstan və nəhayət Rusiya-Ukrayna müharibələrini supergüclərin fiaskoya uğrayan planlarının tərkib hissəsi kimi göstərmək mümkündür.

Dövrünün ən qanlı müharibələrindən biri kimi tarixə düşən ABŞ-Vyetnam müharibəsi 1965-ci ildə dünya nəhənginin Şimali Vyetnamı bombalaması ilə başlayıb. Əslində Şimali və Cənubi Vyetnam arasındakı münaqişədə ABŞ-ın ikinciyə dəstək verməsi və qoşunlarını ora göndərməsi bu qanlı müharibənin alovlanması üçün böyük zəmin yaradıb. Təkcə onu xatırlatmaq kifayətdir ki, 1971-ci ildə müharibə davam edərkən artıq 50 min ABŞ hərbçisi Vyetnamda həlak olmuşdu. Məhz bu uğursuzluğun nəticəsi idi ki,  ABŞ və Şimali Vyetnam arasında 1973-cü ildə sülh razılığı əldə edildi və razılaşmaya görə dünya nəhəngi öz qoşunlarını geri çəkdi. Sözügedən müharibə ABŞ-a əslində heç nə qazandırmasa da Birləşmiş Ştatların minlərlə əsgəri həlak oldu. Beləliklə milyonlarla insanın həyatını itirdiyi və Vyetnam torpaqlarının üçdəbirinin bombalardan zəhərləndiyi müharibə Şimali və Cənubi Vyetnamın birləşərək Vyetnam Sosialist Respublikası qurması ilə nəticələndi. ABŞ öz ərazisindən 19 min kilometr uzaqlıqda yerləşən Vyetnamda 59 min əsgərini itirdi. Müharibədən geri dönənlərdən 2 min hərbçi isə intihar nəticəsində həlak oldu. Bu uğursuzluğu uzun illər sonra ABŞ Əfqanıstan və İraqda da yaşadı. Doğrudur, Birləşmiş Ştatlar adlarını qeyd etdiyim ölkələrdə hakimiyyət dəyişikliyinə səbəb olsa da, ümumilikdə həm Əfqanıstanda, həm də İraqda on minlərlə əsgərini qurban verib. Məsələn, 20 il ərzində Əfqanıstanda ABŞ ordusunun 2500-ə yaxın hərbi qulluqçusu həlak olub, on minlərlə amerikalı əsgər isə yaralanıb. Nətivədə ABŞ-ın Əfqanıstanı dünyanın bir nömrəli terror təşkilatı kimi tanınan “Taliban”a təhvil verməsini isə Birləşmiş Ştatların ən böyük uğursuzluğu adlandırmaq olar. Üstəlik müharibələr təkcə canlı qurbanlarla deyil, iqtisadi itkilərlə də ölkələrə ziyan vurur. ABŞ-ın son 20 ildə Əfqanıstan müharibəsinə 2 trilyon dollardan çox vəsait xərclədiyini nəzərə alsaq, bunun ölkəyə necə böyük iqtisadi ziyan vurduğunu təsəvvür etmək çətin olmaz.

Təəssüflər olsun ki, bir zamanlar ABŞ kimi supergücün etdiyi yanlışlardan nəticə çıxarmaq əvəzinə digər böyük dövlətlər də eyni səhvləri təkrarlayırlar. Təxminən 43 il öncə Əfqanıstanda yaşadığı biyabırçılıq unudulmadan Rusiya indi də Ukraynada eyni aqibəti yaşayır. Təxminən 10 aydır ki davam edən müharibədə Rusiyanın 40-80 min arası hərbçi itirdiyi deyilir. Üstəlik Qərbin iqtisadi sanksiyalarını və Rusiyanın bu müharibəyə xərclədiyi vəsaiti nəzərə alsaq, Kremlin necə çətin bir vəziyyətdə olduğunu görə bilərik. Bütün bu itkilərin və xərclənən vəsaitlərin fonunda isə Rusiya Ukraynada demək olar ki, biyabırçılıqdan başqa heç nə qazanmayıb. Odur ki, hazırda Rusiya “mehriban düşmən” adlandırdığı ABŞ-ın Əfqanıstan və İraqdakı uğursuzluqlarını Ukraynada təkrarlayır. Bütün bu hadisələr tarixdən dərs çıxarmağın vacib olduğunu bir daha gündəmə gətirir. İğlaçlı siyasət yürüdən diktatorların və onların rəhbərlik etdiyi ölkələrin cəzasını isə məhz tarix özü verir.

Müşviq Tofiqoğlu,

KONKRET.az       

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*