İran rəhbərliyi və Tehran nümayəndələri hazırda hərbi təhdidlərdən daha çox maliyyə və iqtisadi təzyiqlərdən ehtiyat edirlər.
KONKRET.az xəbər verir ki, ABŞ-nin BMT yanında səfiri Mayk Valts bildirib ki, Amerika Xəzinədarlığının rəhbəri Skott Bessentin rəhbərliyi ilə həyata keçirilən “iqtisadi əməliyyat” İran İslam Respublikasının iqtisadiyyatına dağıdıcı zərbə vurub.
Valtsın sözlərinə görə, danışıqlar masasında oturan Tehran təmsilçiləri hər şeydən əvvəl dondurulmuş aktivlərə və maliyyə resurslarına çıxış əldə etməyə çalışırlar.
Diplomat qeyd edib ki, milli valyutanın kəskin dəyərdən düşməsi, yüksək inflyasiya və SEPAH-ın iqtisadiyyat üzərindəki nəzarəti Tehran hökumətini demək olar ki, çıxılmaz vəziyyətə salıb: “Zarafatla yanaşı, bunu tam ciddi şəkildə deyirəm: iranlılar hazırda Pit Heqsetdən deyil, məhz Skott Bessentdən daha çox qorxurlar”.
Amerikalı diplomat İrandakı mövcud quruluşu “korrupsiyalaşmış, elitar və ekstremist dini hökumət” kimi səciyyələndirib. O vurğulayıb ki, sərt iqtisadi təzyiq, aktivlərin dondurulması və dəniz blokadasının birgə tətbiqi nəticəsində Tehran sonda geri çəkilməyə məcbur qalacaq.
Natiq Səlim,
KONKRET.az
