Yaxın Şərqdə regional hərbi əməliyyatların genişləndiyi və İsrail Hərbi Hava Qüvvələrinin İrana qarşı kütləvi hücumlar həyata keçirdiyi bir vaxtda rəsmi Vaşinqtonun bu prosesdəki rolu ilə bağlı mühüm məlumat yayılıb. ABŞ-ın hərbi və siyasi rəhbərliyinin İsrailin növbəti əməliyyatlarında birbaşa iştirakdan yayındığı bildirilir.
KONKRET.az xəbər verir ki, ABŞ-ın məşhur “CBS News” telekanalının yüksəksəviyyəli amerikalı məmura istinadən yaydığı məlumata görə, ABŞ Silahlı Qüvvələri İsrailin İrana endirdiyi son hava zərbələrində və hərbi əməliyyatlarında heç bir formada iştirak etməyib.
Mənbə həmçinin qeyd edib ki, Ağ Ev administrasiyası münaqişənin miqyasının böyüməməsi üçün ehtiyatlı davranır. Belə ki, Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası İsrail ərazisini İrandan atılan raketlərdən qorumaq məqsədilə ABŞ ordusuna hər hansı bir müdafiə xarakterli addım və ya əməliyyat keçirmək barədə göstəriş verməyib. Vaşinqton bu gedişi ilə bölgədəki birbaşa hərbi qarşıdurmadan uzaq durmağa çalışdığı mesajını verir.
Natiq Səlim,
KONKRET.az
