KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, NZS qəsəbəsi coğrafi mövqeyinə və infrastruktur imkanlarına görə paytaxtın əlverişli yaşayış massivlərindən sayılır. Xüsusilə “Ağ Şəhər”ə yaxınlıq ərazinin gələcək inkişaf perspektivlərini artırmaqla yanaşı, qəsəbə sakinlərinə müasir şəhər infrastrukturuna, geniş bulvar və park zonalarına, eləcə də əsas avtomobil magistrallarına sürətli çıxış imkanı yaradır. Bundan başqa, qəsəbənin daxilində orta məktəblər, uşaq bağçaları, ictimai nəqliyyat marşrutları və gündəlik tələbat obyektləri tam formalaşıb.
NZS qəsəbəsində həyət evlərinin ucuzlaşması bir sıra amillərlə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, ərazidəki fərdi evlərin əksəriyyətinin köhnə tikili olması, məhəllədaxili küçələrin darlığı, həyətyanı sahələrin kiçikliyi və bir çox evlərdə çıxarış (kupça) sənədinin olmaması qiymətləri aşağı saxlayan əsas faktorlardır. Bundan əlavə, gələcəkdə köhnə yaşayış massivlərinin yenidən qurulması və söküntü ehtimalları da alıcıların ehtiyatlı davranmasına və satıcıların qiymətdə güzəştə getməsinə səbəb olur.
Hazırda elan saytlarındakı təkliflərə nəzər saldıqda qiymətlərin geniş aralıqda dəyişdiyi görünür. Məsələn, qəsəbədə sahəsi 45, 46 və 52 kvadratmetr olan 2 otaqlı həyət evləri 49 000 manata satışa çıxarılıb. Digər elanlarda 32 kvadratmetrlik 2 otaqlı ev 52 000 manata, 40 kvadratmetrlik 2 otaqlı ev 55 000 manata, 60 kvadratmetrlik 2 otaqlı ev 60 000 manata, 50 kvadratmetrlik 2 otaqlı ev isə 75 000 manata təklif olunur.
Daha geniş ailələr üçün nəzərdə tutulan 3 otaqlı həyət evləri arasında isə hətta 2 otaqlılardan daha ucuz variantlara rast gəlinir. Belə ki, 70 kvadratmetr sahəsi olan təmirsiz 3 otaqlı ev cəmi 43 000 manata alıcı gözləyir. Bundan başqa, 76 və 110 kvadratmetrlik 3 otaqlı evlər 66 000 manata, 70 kvadratmetrlik digər 3 otaqlı variantlar 75 000, 76 000, 85 000 və 87 000 manata, 95 kvadratmetrlik 3 otaqlı ev 82 000 manata, 65 kvadratmetrlik təmirli 3 otaqlı ev isə 95 000 manata satışa qoyulub.


