Azərbaycanda quru sərhədlərinin açılması məsələsi yenidən ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Uzun müddətdir davam edən məhdudiyyətlər vətəndaşların sərbəst gediş-gəlişinə, qonşu ölkələrlə əlaqələrinə və xüsusilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin imkanlarına təsir göstərir. Cəmiyyətdə sərhədlərin açılmasına dair gözləntilər artsa da, hələlik bununla bağlı konkret qərar açıqlanmayıb.
Bəs 2027-ci ilin əvvəlində Azərbaycanın quru sərhədlərinin açılması nə dərəcədə realdır? Gələn il bu istiqamətdə hansı dəyişikliklər baş verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, quru sərhədlərinin açılmasına cəmiyyətdə ciddi ehtiyac və tələbat var.

Onun sözlərinə görə, mövcud məhdudiyyətlər əhalinin müxtəlif təbəqələrinin gündəlik həyatına və iqtisadi fəaliyyətinə birbaşa təsir göstərir:
“Azərbaycanda quru sərhədlərinin açılması ilə bağlı çox ciddi ictimai tələb və narahatlıq mövcuddur. Bu məsələ insanların böyük hissəsinin həyat tərzinə təsir edir. İstər şimal, istər cənub, istərsə də qərb istiqamətində sərbəst gediş-gəlişə böyük ehtiyac var. Xüsusilə kiçik ticarətlə məşğul olan insanlar üçün quru sərhədlərinin açılması son dərəcə vacibdir. Cəmiyyətdə həm narazılıq, həm də ciddi gözləntilər müşahidə olunur. Müxtəlif fikirlər səsləndirilsə də, təəssüf ki, hələlik bu istiqamətdə gözlənilən nəticə əldə edilməyib”.
Partiya sədri hesab edir ki, son dövrlər qonşu ölkələrlə nəqliyyat və kommunikasiya əlaqələrində müşahidə olunan müəyyən irəliləyişlər quru sərhədləri ilə bağlı məhdudiyyətlərin gələcəkdə yumşaldılması baxımından müsbət siqnal kimi qiymətləndirilə bilər.
“Artıq müəyyən əlamətlər görünür. Məsələn, Gürcüstanla dəmir yolu vasitəsilə əlaqələrin yaradılması və insanların gediş-gəliş imkanlarının genişlənməsi müsbət haldır. Hesab edirəm ki, bunu digər istiqamətlərdə də oxşar addımların atılması üçün bir nümunə kimi götürmək olar. Burada təhlükəsizlik məsələləri, əlbəttə, nəzərə alınmalıdır. Dövlətin təhlükəsizliyi hər şeydən vacibdir. Lakin əlavə təhlükəsizlik tədbirləri görməklə, sərhəd nəzarətini gücləndirməklə insanların gediş-gəlişini asanlaşdırmaq mümkündür”, – deyə Akif Nağı vurğulayıb.
Siyasətçi Azərbaycanla Ermənistan arasında son dövrlər müşahidə olunan təmaslara da diqqət çəkib. Onun fikrincə, iki ölkə arasında kommunikasiya və əlaqələrin bərpası istiqamətində atılan addımlar digər qonşu dövlətlərlə sərhəd rejiminə yenidən baxılması üçün də əsas yarada bilər:
“Azərbaycanla Ermənistan arasında müəyyən yumşalma prosesləri gedir. Dəmir yolu vasitəsilə yükdaşımalar həyata keçirilir, eyni zamanda xalq diplomatiyası çərçivəsində nümayəndələrin quru yolla qarşılıqlı səfərləri praktikası mövcuddur. Əgər uzun illər münaqişə vəziyyətində olduğumuz Ermənistanla belə təmaslar mümkün olursa, digər qonşu ölkələrlə də gediş-gəliş imkanlarının genişləndirilməsi istiqamətində addımlar atılmalıdır. Hesab edirəm ki, bu proseslər quru sərhədləri ilə bağlı yanaşmanın dəyişməsi üçün müəyyən zəmin yaradır”.
2027-ci ilin əvvəlində quru sərhədlərinin açılması ehtimalına münasibət bildirən Akif Nağı konkret tarix söyləməyin çətin olduğunu, lakin gələn il ərzində ciddi yumşalmaların mümkünlüyünü qeyd edib.
“Quru sərhədlərinin məhz gələn ilin əvvəlində açılacağını proqnozlaşdırmaq çox çətindir. Ancaq hesab edirəm ki, 2027-ci il ərzində bu istiqamətdə xeyli yumşalmanın baş verməsi ehtimalı böyükdür”, – deyə partiya sədri fikirlərini yekunlaşdırıb.
Beləliklə, Akif Nağı 2027-ci ilin əvvəlində quru sərhədlərinin tam açılacağına dair qəti proqnoz verməsə də, il ərzində məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasını mümkün hesab edir. Bununla belə, sərhədlərin açılması ilə bağlı yekun qərar dövlətin müvafiq qurumlarının səlahiyyətindədir.
Aynurə İsmayıl
KONKRET.az
