“Yaxşı ki, bir il keçməmiş ABŞ və Qərb tərəfdaşlarımız özlərinə gəldilər. Tanrı məni bağışlasın, dünyaya sülh və demokratiya “gətirmək” üçün beynəlxalq vəzifələrini xatırladılar. Demək olar ki, 6 həftəlik silahlı qarşıdurmada (27 sentyabr – 10 noyabr), hər iki tərəfdən yüzlərlə adam öldürüldü. Qan tökülməsini dayandırmaq cəhdləri və atəşkəs rejimi dəfələrlə pozuldu. Və nəhayət Rus sülhməramlıları və türk müşahidəçilərinin iştirakı ilə barışıq əldə olundu. Bəli, vəziyyət mürəkkəb, ziddiyyətlidir.Hansısa tərəf nədənsə razı qalar. Ancaq əsas odur ki, ölüm maşını dayandırıldı”.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aleksey Filatov “Nezavisimaya qazeta”ya yazdığı məqaləsində vurğulayıb.
O daha sonra yazıb ki, “Nəhayət, sülh anlaşmasından 7 gün sonra ABŞ Dövlət katibi Maykl Pompeo və Fransa Xarici İşlər naziri Jan-İves Le Drian ABŞ və Fransa adından Dağlıq Qarabağda atəşkəs razılaşmasını alqışlayıblar. Onların əldə olunan sülhlə heç bir əlaqələri yoxdur. Sadəcə, Rusiya ilə birlikdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupunun həmsədrləridir. Və bir qədər gec də olsa, ABŞ və Fransa bunu xatırladıb. Baxmayaraq, Qarabağ münaqişəsinin dayandırılmasında və sülhün təmin edilməsində bu dövlətlərin zərrə qədər rolu olmadı. Amma özlərini dünyaya sülhməramlı və vacib persona kimi göstərməkdə davam edirlər. Əslində isə bu iki dövlətin birgə bəyanatı Türkiyə üçün narahatlıqlarından doğdu.
Onlar Türkiyənin Şərqi Aralıq dənizi, Liviya və Suriya da daxil olmaqla bir sıra bölgələrdəki artan nüfuzundan rəncidə olurlar. Üstəlik, bu məsələdə bir az da Rusiyadan inciyiblər. İndi də deyirlər ki, Rusiya onlara Türkiyənin rolu da daxil olmaqla, Dağlıq Qarabağda əldə olunan razılaşmalarla bağlı “bəzi” məsələləri izah etməlidir. Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib. Bu azmış kimi Fransa Xarici İşlər naziri Jan-İves Le Drian noyabrın 18-də Moskvaya uçacaq. Amma Qərb tərəfdaşlarımızın növbətçi “narahatlıq” xaricində hər hansı bir müdaxilə göstərməməsi maraq doğurur. Onları Qarabağ münaqişəsinin həllindən çox Türkiyənin aktivləşməsi narahat edir. Çünki həm Türkiyə, həm də Rusiya ABŞ və Avropanı son vaxtlar ən çox qıcıq edən faktordur. Amma bütün hallarda günah onların özlərindədir.
Birincisi, ABŞ və Avropa özlərinə gec gəldilər. Baxmayaraq ki, kifayət qədər vaxt var idi. Yəni müharibənin qalib tərəfi olan Azərbaycana kömək edən Türkiyəyə (NATO üzvü) bir şəkildə təsir etmək imkanları onlarda var idi.
İkincisi, Qərbin iddia etdiyi seçimə “müdaxilə etməmək prinsipi” dəhşətli bir presedent yaratdı. Belə məlum oldu ki, 21-ci əsrdə ərazi mübahisələri diplomatiyasız, kobud hərbi güclə daha tez həll edilə bilər.
Üçüncüsü, ATƏT-in keçmiş sülh təminatçıları olan ABŞ və Fransa çox açıq şəkildə nümayiş etdirdilər ki, Qərbin beynəlxalq vədləri getdikcə daha az əhəmiyyət kəsb edir. Artıq onlara etibar etmək lazım deyil.
Saydıqlarım səbəblərə baxanda açıq-aydın görünür ki, birinci səbəb sadəcə biabırçı bir həqiqət, ikinci və üçüncü səbəbsə qlobal siyasi böhranın əlamətidir. Məncə ən azı bu üç səbəbə görə ABŞ-dan və Fransadan izahat tələb etmək lazımdır”.
Surxay Atakişiyev,
KONKRET.az
