Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammiti ətrafında müzakirələr davam edir.
Bu barədə NEWS.am-a açıqlamasında erməni politoloq Stepan Danielyan danışıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu sammit Ukrayna məsələsi ilə birbaşa bağlıdır və təsadüfi deyil ki, tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
Politoloq hesab edir ki, sammitin İrəvanda keçirilməsi hakimiyyətin seçkilər öncəsi PR addımıdır:
“Cəmiyyətə göstərmək istəyirlər ki, guya Ermənistan Avropaya doğru gedir və Avropa Ermənistana gəlib”.
Danielyanın fikrincə, bu tədbir Avropa üçün də mesaj xarakteri daşıyıb:
“Avropa Rusiyaya göstərir ki, biz sənin təsir zonana daxil olduq. Eyni zamanda bu, ABŞ-a da siqnaldır – region uğrunda rəqabət gedir”.
O bildirib ki, Ermənistan üçün real nəticə yoxdur və əsas qazanan hakimiyyətdir:
“Siyasi kapital hakimiyyətə gedir, Ermənistana yox. Bu sənədlər sadəcə istəklər toplusudur, heç bir öhdəlik yaratmır”.
Politoloq daha sərt fikirlər də səsləndirib. Onun sözlərinə görə, Nikol Paşinyanın əsas məqsədi yenidən seçilməkdir:
“Seçildikdən sonra o, Putinin yanına gedəcək, imzaladığı ağ vərəqi verib deyəcək: nə istəyirsən yaz”.
Danielyan əlavə edib ki, Paşinyan 9 mayda Moskvaya səfər etməklə Avropa sammitini kompensasiya etməyə çalışa bilər.
O, həmçinin qeyd edib ki, Ermənistan-Türkiyə münasibətləri Azərbaycanla münasibətlərdən asılı olaraq qalır və bu səbəbdən real addımlar atılmır, yalnız simvolik təşəbbüslər gündəmdə saxlanılır.
Politoloqun fikrincə, İrəvanda baş verənlər əsasən siyasi şou xarakteri daşıyır və hər tərəf burada öz maraqlarını təmin etməyə çalışır.
Natiq Səlim,
KONKRET.az
