Ali təhsildə dəyişiklik: Universitetlərin birləşdirilməsi nə vəd edir?backend

Ali təhsildə dəyişiklik: Universitetlərin birləşdirilməsi nə vəd edir?

“Azərbaycanda universitetlərin birləşdirilməsi məsələsinə ilk növbədə təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından yanaşılmalıdır. Belə bir addımın zərurəti maliyyə vəsaitindən, müəllim potensialından və maddi-texniki bazadan daha səmərəli istifadə ehtiyacından yarana bilər. Ancaq qərar verilməzdən əvvəl hər universitetin fəaliyyəti, hazırladığı kadrların səviyyəsi və məzunlarının məşğulluğu ciddi təhlil olunmalıdır.

Eyni ixtisasın bir neçə universitetdə tədris edilməsi özlüyündə problem deyil. Əksinə, bu, sağlam rəqabət və tələbələr üçün seçim imkanı yaradır. Əsas məsələ həmin universitetlərin hansı keyfiyyətdə təhsil verməsidir. Universitetin tələbə sayı azdırsa, bunun səbəbi araşdırılmalıdır. Söhbət keyfiyyət problemindən gedir, yoxsa həmin ali məktəb ölkə üçün vacib olan dar bir sahə üzrə mütəxəssis hazırlayır? Bu iki vəziyyətə eyni yanaşmaq olmaz”.

Bu fikirləri təhsil eksperti Fuad Hacıyev bu məsələni KONKRET.az-a açıqlamasında səsləndirib.

Övladlarının təhsil haqqını dövlət ödəyə bilər | KONKRET

“Düzgün təşkil edilən birləşmə nəticəsində güclü müəllim heyəti, laboratoriyalar və elmi imkanlar bir araya gətirilər. İnzibati xərclərə qənaət edilərək həmin vəsait tədrisin inkişafına, müəllimlərin əməkhaqqına və tələbələrin imkanlarının genişləndirilməsinə yönəldilə bilər. Lakin iki zəif universiteti birləşdirməklə avtomatik olaraq güclü universitet yaranmır. Tədrisin məzmunu, qiymətləndirmə və idarəetmə sistemi dəyişmirsə, sadəcə universitetin adını və tabeliyini dəyişmək ciddi nəticə verməyəcək.

Universitetlərin fəaliyyətinə təsir də diqqətlə hesablanmalıdır. Böyük struktur yaratmaq bəzən idarəetməni asanlaşdırmaq əvəzinə bürokratiyanı artırır. Müəllimlərin təcrübəsi, ayrı-ayrı elmi məktəblər və universitetlərin ixtisaslaşması qorunmalıdır. Bəzi hallarda tam birləşməyə ehtiyac olmadan ortaq laboratoriyalar, birgə proqramlar və tədqiqat mərkəzləri yaratmaqla da istənilən nəticəyə çatmaq mümkündür”.

Ekspert vurğulayır ki, tələbə qəbuluna gəlincə, universitetlərin sayının azalması qəbul yerlərinin mütləq azalması demək deyil.

“Qəbul planı universitetin keyfiyyətli təhsil vermək imkanına və ölkənin kadr ehtiyaclarına uyğun müəyyənləşdirilməlidir. Birləşmə ali təhsilə çıxışı çətinləşdirməməlidir. Xüsusilə regionlarda yaşayan gənclərin imkanları nəzərə alınmalıdır. Tələbəni başqa şəhərə göndərmək onun ailəsi üçün əlavə kirayə, nəqliyyat və yaşayış xərcləri deməkdir.

Hazırda təhsil alan tələbələrin maraqları da qorunmalıdır. Onların keçdiyi fənlər, topladığı kreditlər, dövlət sifarişli yerləri və təhsil müqavilələrinin şərtləri ilə bağlı qeyri-müəyyənlik yaranmamalıdır. Tələbə harada təhsilini davam etdirəcəyini, hansı proqramla oxuyacağını və diplomunun hansı universitet tərəfindən veriləcəyini əvvəlcədən bilməlidir”.

F.Hacıyev qeyd edir ki, əmək bazarı ilə uyğunlaşma isə yalnız universitetləri birləşdirməklə həll olunmur.

“İşəgötürənlərlə real əməkdaşlıq qurulmalı, tələbələr ixtisaslarına uyğun təcrübə keçməli və tədris proqramları yenilənməlidir. Bu gün qəbul etdiyimiz tələbə bir neçə ildən sonra əmək bazarına çıxacaq. Ona görə də kadr hazırlığını yalnız bugünkü vakansiyalara əsasən planlaşdırmaq düzgün olmaz.

Mənim üçün əsas meyar birləşmədən sonra tələbənin nə qazanacağıdır. Daha yaxşı təhsil alacaqmı, daha güclü praktik bacarıqlara yiyələnəcəkmi, məzun olduqda iş tapmaq imkanları artacaqmı? Bu suallara əsaslandırılmış cavab varsa, birləşmə faydalı ola bilər. Təhsilin keyfiyyətini dəyişmədən yalnız strukturları dəyişməklə isə ciddi irəliləyiş gözləmək çətindir. Toplananların yerini dəyişdikdə cəm dəyişmir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*