2027-ci il yanvarın 1-dən Azərbaycanda uşaqlar üçün yaşayış minimumunun 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu dəyişiklik sabit məbləğdə təyin edilən alimentin minimum həddinə də təsir göstərə bilər.
Bəs alimentin məbləğini artırmaq üçün hansı addımlar atılmalıdır və bunun üçün yenidən məhkəməyə müraciət etmək lazımdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, uşaqlar üçün yaşayış minimumunun artırılması sabit məbləğdə təyin edilən alimentin məbləğinə də təsir edir.

“2027-ci il yanvarın 1-dən uşaqlar üçün yaşayış minimumunun 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. Sabit məbləğdə təyin olunan aliment uşaqlar üçün yaşayış minimumuna uyğun müəyyən edildiyindən, minimum aliment məbləği də 274 manat təşkil edə bilər”.
Vəkil qeyd edib ki, alimentin ilk dəfə təyin olunması üçün məhkəməyə müraciət edən tərəf uşağın saxlanması məqsədilə aylıq 274 manat sabit məbləğdə aliment ödənilməsini tələb edə bilər.
Fuad Məmmədovun sözlərinə görə, alimentin məbləğinin artırılması məsələsində onun hansı qaydada təyin edilməsi də əhəmiyyət daşıyır. Belə ki, alimentin məbləği indeksləşdirilməlidirsə, qanunvericilikdə nəzərdə tutulan əsaslar yarandıqda müvafiq artım tətbiq olunar.
Beləliklə, alimentin artırılması üçün ilk növbədə onun hansı qaydada təyin edildiyini və məbləğin indeksləşdirilməsi şərtlərini dəqiqləşdirmək lazımdır.
Aynurə İsmayıl
KONKRET.az
