“Anam qorxurdu, Stalin ölsə də, sistem diriydi” – casusun yeniyetməlik xatirəsibackend

“Anam qorxurdu, Stalin ölsə də, sistem diriydi” – casusun yeniyetməlik xatirəsi

Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. Konkret.az kitabın maraqlı hissələrini oxucularına təqdim edir.

1953-cü ilin əvvəlində elə bir sarsıdıcı hadisə baş verdi ki, bu, azadlığa aparan yolun açılmasına doğru addım oldu: mart ayının 5-də Stalin öldü. Artıq fevralın sonlarında radio və televiziya ilə verilən rəsmi məlumatlarda rəhbərin sağlamlığı ilə bağlı həyəcanlı notlar sezilirdi. Buradan belə çıxırdı ki, onun sonu yaxındır. Bütün xalq sərsəmləşmişdi. Həmin gün mən anamla birlikdə mərkəzə alış-verişə getmişdik. Mən xüsusi bir qeyri-adilik fərq etmədim: insanlar öz işlərinin arxasınca tələsirdilər, sanki heç nə baş verməyib. Böyük dövlət xadiminin ölümünün sanki vətəndaşlarda heç bir təəssürat yaratmaması məni sarsıtmışdı. Əslində isə insanlar şokda idilər və ertəsi gün Stalinin cəsədinin qoyulduğu İttifaqlar evinə dəlicəsinə, nəyin bahasına olursa-olsun soxulmağa cəhd edərkən, sözün əsl mənasında bir-birini ayaq altına salıb əzdilər. Minlərlə moskvalıdan fərqli olaraq mən özümdə rəhbərə baxmaq arzusu hiss etmədim. Buna baxmayaraq, mən də başqa insanlar kimi, hesab edirdim ki, Stalin o qədər böyük və müdrikdir ki, ondan sonra heç bir siyasi xadim Sovet İttifaqını idarə edə bilməyəcək. Şəxsiyyətə pərəstişin təsiri o qədər böyük idi ki, hər kəs qüssə içində təkrar edirdi: “Yetim qaldıq, o bizi tərk etdi. Bundan sonra onsuz necə yaşayacağıq? Bizi kim idarə edəcək?”

Həmin gün, martın 5-də mən adətim üzrə primitiv “Baltika” radioqəbuledicisində eşələnərkən xışıltı səs-küyünün arasında kiminsə ris dilində söylədiyi sözləri eşitdim: “O, dünyanın tanıdığı bütün müstəbidlərin içində ən dəhşətlisi idi… Onun qurbanlarının sayı milyonlarladır”.

İnanılmaz idi. Mən çaşqın halda bu sözləri dinlədim. Həyatımda buna bənzər sözlər eşitməmişdim – bu, çox qeyri-adi və dramatik, sadəcə, sensasion səslənirdi. Bununla belə, məndə bulanıq bir hiss baş qaldırdı ki, deyildiyi kimidir. Mən instinktiv olaraq bunu başa düşürdüm, ancaq dilə gətirməyə cürət etmirdim. Ötən illərdə valideynlərimin etdiyi mübahisələri, xalq düşmənləri barədə, yoxa çıxan qonşular, həbs düşərgəsində on il cəza çəkmiş dayım barədə söhbətləri xatırlamağa başladım. Atamın bizə qonaq gələn iki dostunun söhbəti yadıma düşdü. Onların danışığında belə fikir keçmişdi ki, həbsxanalarda tamamilə adi adamlar yatır, onlar qatillər və oğrular deyil, siyasi dustaqlardır. Birdən-birə onların eyhamları anlam qazanmağa başlamışdı.

Beləliklə, Stalinin ölümü mənim gözümün açılmasında böyük rol oynadı, mən öz düşüncələrimin doğruluğunun təsdiqini axtarmağa başladım. Ancaq anam ehtiyatlı idi və mənim suallarıma təmkinlə cavab verirdi: diktator ölüydüsə də, sistem diriydi.

Əgər Stalinin ölümünü zəlzələ ilə müqayisə etmək olarsa, o zaman bu zəlzələnin nəticələri özünü çox gözlətmədi. Həmin yay biz anamla Zaporojye ətrafındakı kənddə tətildə olarkən anam atamdan məktub aldı və bu məktub onu büsbütün sarsıtdı. Biz buna fikir verdik və nə baş verdiyini soruşduq. Anam bizə yalnız bir cümlə oxudu: “Şayiələr gəzir ki, bizim böyüyümüz vəzifədən götürüb və həbs ediblər”.

— “Bizim böyüyümüz” kimdir? —soruşdum.

— Bu, Beriya olmalıdır, — anam özünü itirmiş halda cavab verdi.

Beriya? Biz duruxduq. Nikita Xruşovdan sonra o, mühümlüyünə görə Sovet İttifaqında ikinci adam idi.  Onu vəzifədən necə götürə və həbs edə bilərdilər? Bu, ağlasığmaz görünürdü, ancaq həqiqət olduğu məlum oldu. Beriya Stalinin ölümündən sonra baş qaldıran hakimiyyət uğrunda mübarizənin qurbanıı olmuşdu. Bir müddətdən sonra atam bizə dedi ki, partiya təşkilatlarına hansısa məktub göndərilib: nəzərdə tutulur ki, onu qapalı partiya iclaslarında oxuyacaqlar, Beriyanı ingilis və türk kəşfiyyatı ilə əlaqlərdə ittiham edəcəklər. Məktubda bildirilrmiş ki, o, əxlaqi baxımdan pozğundur, həddi-büluğa çatmamış qızların bəkarətini pozurmuş. Bütün bunlar, əlbəttə, cəfəngiyyat idi (burada Qordiyevski tarixi təhrif edir, Beriyanın nə dərəcədə əxlaqsız və pozğun biri olduğuna dair yüzlərlə ifadə var və bu tam sübuta yetirilib – red.). Ancaq o illərdə biz bilə bilməzdik ki, Xruşov və tərəfdarları Beriyanın işini bitirməyə çalışırdılar. O, onlar üçün təhlükəliydi (Sonradan Beriya güllələndi).

O illərin yeniyetmələrində Kremldən gələn istənilən informasiya böyük maraq yaradırdı. Bizim nəsl siyasi və ideoloji planda tamamilə maarifli idi. Biz Siyasi Büronün bütün üzvlərinin adını və bioqrafiyasını bilirdik, onları qəzet şəkillərindən və televiziya ekranından tanıyırdıq, Qırmızı meydanda keçirilən parad və nümayişlərdə Lenin mavzoleyinin tribunasında görürdük.

Paradlar minlərlə iştirakçısı, orkestr musiqisi və xalq şənliyi ilə yeniyetmələr üçün doğrudan da həyəcanverici idi. Ancaq bu əndazəsini aşan entuziazmın olsa-olsa, hakimiyyətin hiyləgər manipulyasiyasının nəticəsi olduğu sonradan bilindi.

Stalinin sağlığında hərbi paradlar həmişə düz səhər saat 10-da başlayırdı və əlli dəqiqə davam edirdi. Sonra idmançıların paradı başlanırdı, daha sonra zəhmətkeşlərin kütləvi şəkildə mavzoleyin yanından, Qırımız meydanda vətənpərvər şüarlar qışqıra-qışqıra keçməsi ilə yekunlaşırdı. Bütün bunları radio ilə dinləyənlərə gurultulu entuziazm möhtəşəm gəlirdi, əslində isə bu texnikanın yeni nailiyyətlərinin ustalıqla istifadə edilməsinin nəticəsi olan entuziazm illüziyası idi.

Hardasa gizli bir yerdə, ola bilər ki, şəhər univermağının pəncərələrindən birində müasir mikrofonlu carçı gizlənir, qısa vaxt intervalları ilə bu cür şüarlar bağırırdı: “Yaşasın sovet xalqının avanqardı olan Kommunist partiyası!;” “Yaşasın Sovet İttifaqının sarsılmaz xalqlar dostluğu!” və s. Sonra hündür səslə “Ura!” sədası və marş musiqisi sələnir, meydanda quraşdırılmış çoxsaylı səsgücləndiricilərlə ətrafa yayılırdı.

Bu elektron entuziazmı “carçı”nın yanında dayanmış operator təmin edir, lazımi anda uyğun düyməni basırdı və meydan “Ura!” sədaları gurlayırdı. Əlbəttə, kolonlarda irəliləyən bəzi gənclər də “Ura!” bağırırdılar, amma bunu çox zaman istehzayla, içlərindəki enerjini çıxarmaq üçün edirdilər. Bu, xüsusulə də onların bəlli bir miqdarda spirtli içki qəbul etməsindən sonra baş verirdi, ancaq bütün Sovet İttifqanda milyinlarla dinləyici bu yalanı təmiz gerçəklik kimi qəbul edirdi.

Sadə insanlar nümayişçilərin cərgəsində paltarlarını dəyişmiş xeyli DTK agentinin olmasından da bixəbər idilər.

Agentlərin vəzifələri sırasına terror aktlarının qarşısının alınması və ümumiyyətlə, istənilən iğtişaşı beşiyindəcə boğmaq daxil idi.

 

Bir cavab yazın