Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də tikinti üçün rəsmi icazənin hansı hallarda
tələb olunmasıdır.
Bəs qanunvericilik müəyyən ölçülərdə evlərin tikintisinə icazəsiz şərait yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan vəkil Etibar Qarayev bildirib ki, bəzi fərdi yaşayış evlərinin tikintisi üçün dövlət orqanlarından xüsusi icazə almağa ehtiyac yoxdur.

Etibar Qarayev
“Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün hər hansı dövlət qurumundan icazə tələb edilmir”.
Vəkil qeyd edib ki, bu halda vətəndaşlar tikintiyə başlamaq üçün icazə almaq məcburiyyətində olmasalar da, qanunvericilikdə nəzərdə tutulan digər şəhərsalma və tikinti normalarına riayət etməlidirlər.
“Müəyyən edilmiş parametrlərdən kənara çıxan tikililər üçün isə müvafiq qaydada icazə sənədlərinin alınması zəruridir. Buna görə də tikintiyə başlamazdan əvvəl layihənin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının dəqiqləşdirilməsi vacibdir”.
Aynurə İsmayıl
KONKRET.az
