Azərbaycanda sosial təminat məsələləri cəmiyyətin ən çox müzakirə olunan mövzularından biri olaraq qalır. Xüsusilə, təqaüdçülərin gündəlik xərclərinin artdığı bir dövrdə onların ictimai nəqliyyatdan pulsuz və ya güzəştli istifadə imkanlarının yaradılması ilə bağlı təkliflər tez-tez gündəmə gəlir. Bir sıra ölkələrdə uğurla tətbiq edilən bu model yaşlı insanların sosial rifahının yüksəldilməsinə xidmət etsə də, onun maliyyə yükü və tətbiq mexanizmi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Bəs Azərbaycanda təqaüdçülər üçün ictimai nəqliyyatın pulsuz olması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, təqaüdçülər üçün ictimai nəqliyyatdan pulsuz istifadə imkanının yaradılması sosial baxımdan müsbət addım hesab olunacaq.

Asif İbrahimov
“Sabit və məhdud gəlirlə yaşayan yaşlı insanların nəqliyyat xərclərinin azalması onların həyat keyfiyyətinə və sosial rifahına müsbət təsir göstərəcək.
Bu təşəbbüs təqaüdçülərin səhiyyə xidmətlərinə, sosial proqramlara və ictimai fəaliyyətlərə çıxış imkanlarını genişləndirəcək. Yaşlı insanların cəmiyyətə inteqrasiyasını gücləndirmək baxımından da əhəmiyyətli addım olar.”
Ekspert qeyd edib ki, məsələnin digər tərəfi dövlət büdcəsinə və nəqliyyat sektorunun maliyyə dayanıqlılığına təsirlə bağlıdır:
“İctimai nəqliyyat müəssisələri sərnişindaşımadan əldə etdikləri gəlirlərin bir hissəsini itirəcəklər. Buna görə də dövlət tərəfindən subsidiya mexanizmlərinin tətbiqi zərurəti yaranacaq. Bu isə əlavə büdcə vəsaiti tələb edir və həmin vəsaitin davamlı maliyyə mənbələri hesabına təmin olunması vacibdir.”
Asif İbrahimov beynəlxalq təcrübədə müxtəlif modellərin tətbiq edildiyini də vurğulayıb.
“Lüksemburqda ictimai nəqliyyat bütün vətəndaşlar üçün pulsuzdur. Bir sıra Avropa ölkələrində isə yaşlı şəxslər üçün tam pulsuz deyil, güzəştli və ya müəyyən saatlarda ödənişsiz gediş imkanları yaradılıb.
Birləşmiş Krallıq, Almaniya və digər ölkələrdə təqaüdçülər üçün xüsusi nəqliyyat kartları və dövlət tərəfindən maliyyələşdirilən güzəşt proqramları mövcuddur. Bu modellər həm sosial dəstəyi təmin edir, həm də nəqliyyat sisteminin maliyyə sabitliyini qoruyur.” – deyə o, əlavə edib.
Mütəxəssis hesab edir ki, Azərbaycan üçün ən real yanaşma mərhələli və ünvanlı güzəşt mexanizmlərinin tətbiqidir:
“Aşağı pensiya alan şəxslər, ahıl yaş qrupları və sosial həssas kateqoriyalara aid təqaüdçülər üçün nəqliyyat xərclərinin tam və ya qismən subsidiyalaşdırılması daha səmərəli ola bilər. Bu yanaşma həm sosial dəstəyi gücləndirər, həm də büdcə yükünü idarəolunan səviyyədə saxlayar.”
Ekspertin fikrincə, ölkədə yaşlı əhalinin sayının artması da nəzərə alınmalı amillərdən biridir. Çünki gələcəkdə təqaüdçülərin sayının çoxalması bu istiqamətdə ayrılacaq vəsaitin də artmasına səbəb olacaq.
Nəticə etibarilə, təqaüdçülər üçün ictimai nəqliyyatın pulsuz olması sosial baxımdan faydalı təşəbbüs kimi qiymətləndirilsə də, onun tətbiqi üçün geniş maliyyə hesablamaları və uzunmüddətli planlaşdırma tələb edir. Mövcud şəraitdə isə tam pulsuz modeldən daha çox güzəştli və ünvanlı subsidiyalaşdırma mexanizmlərinin tətbiqi daha real və dayanıqlı variant hesab edilir.
Aynurə İsmayıl
KONKRET.az
