Ermənistanda keçirilən seçkilərin nəticələri regionun gələcək siyasi mənzərəsi baxımından diqqətlə izlənilir. Xüsusilə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr fonunda İrəvanda formalaşacaq yeni siyasi konfiqurasiyanın hansı təsirlər yaradacağı maraq doğurur.
Bəs seçkilərdən sonra Ermənistanın regional siyasətində dəyişiklik gözlənilirmi və Zəngəzur dəhlizinin yay aylarında açılması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanda keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın qalib gəlməsi ehtimalı yüksəkdir.

Oqtay Qasımov
Onun sözlərinə görə, həm seçkiqabağı mitinqlər, həm də aparılan rəy sorğuları Paşinyanın rəqiblərini ciddi şəkildə üstələdiyini göstərir:
“Əgər Paşinyan seçkilərdə qalib gələrsə və yenidən təkbaşına hökumət formalaşdırmaq imkanı əldə edərsə, o zaman Ermənistanın siyasətində ciddi dəyişiklik olmayacaq. Paşinyan indiyədək həyata keçirdiyi siyasi kursu davam etdirməyə çalışacaq. Bu çərçivədə Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımların atılması da mümkündür”.
Siyasi şərhçi qeyd edib ki, rəsmi İrəvan eyni zamanda regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində də fəaliyyətini davam etdirəcək:
“Zəngəzur dəhlizinin açılması məsələsi yalnız Ermənistandan asılı deyil. Bu proses daha geniş beynəlxalq razılaşmalar çərçivəsində həyata keçirilir. Dəhlizin fəaliyyətə başlaması ilə bağlı tərəflər arasında əsas sənədlərin razılaşdırıldığı bildirilir. Hazırda əsas məsələ praktiki addımların atılması və layihənin icra mərhələsinə keçməsidir”.
O. Qasımov xatırladıb ki, Nikol Paşinyan da daha əvvəl verdiyi açıqlamalarda layihənin ilin ikinci yarısında reallaşma mərhələsinə keçə biləcəyini vurğulayıb.
“Əgər Paşinyan hakimiyyətdə qalarsa, Ermənistanın xarici və regional siyasətində ciddi dönüş gözlənilmir. O, mövcud kursu davam etdirməyə çalışacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı isə qarşıdakı dövrdə konkret addımların atılacağını düşünürəm. Mövcud razılaşmalar və verilən bəyanatlar nəzərə alınarsa, yay aylarında layihə üzrə işlərin başlanması real görünür”, – deyə siyasi şərhçi vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
