Detoks suları orqanizmi toksinlərdən təmizləmir, piyləri əritmir və maddələr mübadiləsini möcüzəvi şəkildə sürətləndirmir.
KONKRET.az xəbər verir ki, xəbər verir ki, dietoloq Tutu Zeynalova detoks suları ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış fikirlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, bu içkilərin orqanizmi toksinlərdən təmizləməsi ilə bağlı fikir doğru deyil. Əslində, bədənin zərərli maddələrdən təmizlənməsində əsas rolu qaraciyər və böyrəklər oynayır. Suya əlavə edilən limon, xiyar və nanə isə xüsusi detoksifikasiya təsirinə malik deyil. ShopByBro
Dietoloq bildirib ki, detoks sularının piyləri əridərək arıqlatması da yanlış təsəvvürdür. Heç bir qida və ya içki birbaşa piyləri parçalayaraq əridə bilməz. Bununla belə, bu sular şəkərli və qazlı içkiləri əvəz etdikdə gündəlik kalori qəbulunu azaltmağa kömək edə bilər.
Tutu Zeynalova meyvə və tərəvəzlərdəki bütün vitaminlərin suya keçməsi fikrinin də doğru olmadığını qeyd edib. Onun sözlərinə görə, suda saxlanılan limon, xiyar və giləmeyvələrdən bəzi vitaminlər, o cümlədən C vitamini az miqdarda suya keçə bilər. Lakin meyvənin özünü yemədikdə lif və digər vacib qida maddələrini qəbul etmirsiniz.
Ekspert detoks sularının maddələr mübadiləsini sürətləndirməsi ilə bağlı iddiaların da elmi əsasının kifayət qədər olmadığını vurğulayıb.
O bildirib ki, detoks suları özlüyündə zərərli deyil və adi su içməkdə çətinlik çəkənlər üçün maye qəbulunu artırmağa kömək edə bilər. Ancaq bu içkilərdən arıqladıcı və müalicəvi möcüzə gözləmək düzgün deyil.\\yenisabah.az
